Türkiyənin "Qalatasaray" klubu hücumçusu Mbaye Diagne ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Seneqaldan olan 30 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Mbayenin yeni klubu da məlumdur. O, bundan sonra Super Liqanın digər təmsilçisi "Fatih Karagümrük"də forma geyinəcək. Bu barədə onun yeni klubu məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
 
Xatırladaq ki, "Qalatasaray" bu futbolçunu 2019-cu ilin yanvarında "Kasımpaşa"dan 10 milyon avroya transfer etmişdi. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 61 oyunda 26 qol vurub, 4 məhsuldar ötürmə edib.
 
Karyerasının ilk illərində "Brandizzo" və "Bra" komandalarında oynamış Mbaye Diaqne 2013-cü ildə "Yuventus"a transfer olunub. Lakin o, Turin təmsilçisinin əsas komandasına yüksələ bilmədiyi üçün "Ayaçço", "Lyers", "Əl-Şabab", "Vesterlo" və "Uypeşt" kimi klublara icarəyə verilib. 2016-cı ilin əvvəlində "Yuventus"dan ayrılan forvard, çinin "Tianjin Teda" klubuna transfer olunub. Cəmi bir il sonra, 2018-ci ilin yanvarında isə futbolçu "Kasımpaşa"ya transfer olunub. "Qalatasaray"da olduğu müddətdə isə Diaqne iki kluba icarəyə verilib. 2019/20 mövsümündə "Brügge"yə üz tutan seneqallı hücumçu, 2021-ci ildə də "Vest Bromviç"də çıxış edib. Mbaye Seneqal yığmasında da 11 oyun keçirib.
 
Mbaye Diaqneni yola salan "Qalatasaray" heyətini məşhur hücumçu ilə gücləndirməyə hazırlaşır. Türkiyə nəhəngi Portuqaliyanın "Benfika" klubunun hücumçusu Haris Seferoviçin transferini bitirmək üzrədir. Portuqaliya klubunun mətbuat xidməti məlumatı təsdiqləyib. İsveçrə millisinin üzvünün 2022/23 mövsümünü icarə əsasında "Qalatasaray"da keçirəcəyi bildirilib.
 
Haris Seferoviç 2017-ci ildən "Benfika"da çıxış edir. O, bu komandanın heyətində keçirdiyi 5 mövsüm ərzində 188 matça çıxıb, 74 qol vurub. Təcrübəli hücumçu əvvəllər "Qrasshopper", "Fiorentina", "Ksamaks", "Leççe", "Novara", "Real Sosyedad" və "Ayntraxt" kimi klubların da formasını geyinib. İsveçrə yığmasında 86 oyun keçirmiş futbolçu, 25 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest