Bu yay İngiltərənin "Mançester Yunayted" klubu ilə yolları ayrılan yarımmüdafiəçi Cessi Linqard özünə yeni komanda tapıb. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonra "Nottingem Forest"in uğurları üçün çalışacaq.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik futbolçu, yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
 
Cessi Linqard kiçik yaşlarından "Mançester Yunayted"də forma geyinməyə başlayıb. 21 il sonra yetirməsi olduğu klubdan ayrılan vingeri, MY-nin əsas komandasında bütövlükdə 232 oyuna çıxıb, 35 qol vurub. O, bu illər ərzində qısa müddətə olmaq şərtilə "Lester Siti, "Birmingem Siti", "Brayton", "Derbi Kaunti" və "Vest Hem" kimi klublara icarəyə də verilib. İngiltərə yığmasında 32 oyun keçirmiş futbolçu, 6 qola imza atıb.
 
"Nottingem Forest" "Haddersfild Taun"un iki futbolçusunu - müdafiəçi Harri Toffolo və yarımmüdafiəçi Luis Obraynı da transfer edib. Bu iki oyunçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Luis Obrayn "Haddersfild Taun"un öz yetirməsidir. O, bu komandanın heyətində meydana çıxdığı 131 oyuna 8 qol vurub. 23 yaşlı ingilis futbolçu 2018/19 mövsümündə "Bredford Siti"də də icarədə oynayıb.
 
Harri Toffolo isə "Norviç Siti"nin yetirməsidir. Amma o, doğma klubunun əsas komandasında forma geyinməyib. "Suindon Taun", "Roterhem", "Piterboro Yunayted", "Skantrop Yunayted" və "Donkaster Rovers" kimi klublara icarə verilən müdafiəçi, 2018-ci ildə "Linkoln Siti"yə transfer olunub. 26 yaşlı oyunçu 2020-ci ildən də "Haddersfild Taun"da çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 3 mövsüm ərzində 96 oyun keçirib, 9 qol vurub. Toffolo İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da çıxış edib.
 
İngiltərə klubu Kosta Rikadan olan gənc yarımmüdafiəçi Brendon Aqileranı da transfer edib. 19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Aqilera bu vaxta qədər öz ölkəsində "Karmelita", "Alaxuelense" və "Quanakasteka" kimi komandalarda oynayıb.
 
Nottingemşir təmsilçisi təcrübəli hücumçusu Luis Qrabban ilə də yollarını ayırıb. Klubun yaydığı məlumata görə, tərəflər arasındakı müqavilənin müddəti bitib və yeni sözləşməyə ehtiyac duyulmayıb.
 
Luis Qrabban 2018-ci ildən bu komandada çıxış edirdi. O, 149 oyuna 56 qol vurub. 34 yaşlı ingilis forvard daha öncə "Kristal Pelas", "Oldhem Atletik", "Motervel", "Milluol", "Brentford", "Roterhem Yunayted", "Bornmut", "Norviç Siti", "Ridinq", "Sanderlend" və "Aston Villa"da da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest