"Neftçi" Peşəkar Futbol Klubu ilə "Liv Bona Dea Hospital" arasında sponsorluq müqaviləsi bağlanıb. Matc.az xəbər verir ki, imzalama mərasimində "Neftçi"nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, komandanın baş məşqçisi Laurentsiu Regekampf, futbolçular - Rəhman Hacıyev və Azər Salahlı, həmçinin "Liv Bona Dea Hospital"ın baş direktoru Taner özbek və baş həkimi Cabir Gülmalıyev iştirak edib.
 
"Bakcell Arena" stadionunun konfrans zalında baş tutan imzalama mərasimində tərəflər 3 illik müqaviləyə imza atıblar.
 
Razılaşmaya əsasən, "Liv Bona Dea Hospital" paytaxt təmsilçisinin sağlamlıq sponsoru olacaq. "Neftçi", "Neftçi-2" və akademiyanın komandalarına ödənişsiz müayinə, müalicə, tibbi baxış və s. xidmət göstəriləcək, komandaların dərman perepatları ehtiyaclarının qarşılanmasına dəstək verəcək.
 
K.Quliyev tədbir iştirakçılarını salamlayıb və klubun ənənəyə sadiq qalaraq partnyorluq şəbəkəsini genişləndirdiyini söyləyib: "Danışıqlardan sonra uğurlu nəticə oldu. Türkiyənin tibb sektorunda ən tanınmış markalarından biri ilə əməkdaşlığa başlayırıq. Bu müqaviləni imzalamaq bizim üçün şərəflidir. "Neftçi" həmişə bu məsələrdə öndə gedən klub olub. Digər məşhur markalarla da sözləşmə imzalamışıq. Tibb sektorunda da məşhur qurumla ilk müqaviləni biz bağladıq. "Neftçi" ailəsinə xoş gəldiniz".
 
T.özbek Türkiyənin ən böyük tibb şirkəti olduqlarını bildirib: "İlk olaraq Azərbaycanın ən köklü klubu olan "Neftçi" ilə müqavilə imzaladıq. Hər durumda onların yanında olacağıq. Klub rəhbərliyinə təşəkkür edirəm. Məqsədimiz bütün müalicələrin burada olmasıdır. Amma bəzi hallarda kiminsə sağlamlığını riskə atmayacağıq. Azərbaycanda da futbolçuların əməliyyatı üçün şərait var".
 
İmzalama mərasimindən sonra komandanın 10 nömrəli forması Taner özbekə hədiyyə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest