İspaniyanın "Selta" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Barselona"nın müdafiəçisi Oskar Minqesanı transfer edib.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. İspaniyadan olan 23 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
 
"Barselona" bu transferdən 3 milyon avro qazanıb. Lakin futbolçunun gələcək satışından da müəyyən hissə Kataloniya klubuna çatacaq.
 
Oskar Minqesa "Barselona"nın yetirməsidir. Mərkəz müdafiəçisi olan futbolçu 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. O, bu komandada bütövlükdə 66 oyuna çıxıb, 2 qol vurub. Minqesa İspaniya milli komandasında da 1 oyuna çıxıb.
 
"Selta" hücumçusu Yaqo Aspasla da yeni müqavilə imzalandığını açıqlayıb. 34 yaşlı ispan futbolçu yeni sözləşməyə əsasən, 2025-ci ilə qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək.
 
Yaqo Aspas "Selta"nın öz yetirməsidir. O, 2013-2015-ci illər aralığında "Liverpul" və "Sevilya"da forma geyinsə də, yenidən doğma klubuna qayıdıb. Aspas bu komandanın heyətində 418 oyuna 184 qol vurub, 63 məhsuldar ötürmə ilə yadda qalıb. O, klub tarixinin ən yaxşı bombaridir. Futbolçu vaxtilə İspaniya millisində də 18 oyuna 6 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest