İngiltərənin "Tottenhem" klubu müdafiəçisi Ben Devis ilə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
29 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2024/25 mövsümünün sonunadək London klubunun uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki sözləşməsi gələn ilin yayında başa çatacaqdı.
 
Ben Devis 2014-cü ildən "Tottenhem"də çıxış edir. Uelsdən olan mərkəz müdafiəçisi London təmsilçisində keçirdiyi 8 mövsüm ərzində 271 oyuna çıxıb, 6 qola imza atıb. O, daha öncə yetirməsi olduğu "Suonsi Siti"də də oynayıb. Uels yığmasında 74 oyun keçirmiş futbolçu 1 qol vurub.
 
"Tottenhem" gənc hücumçusu Troy Perrotla da müqavilə yeniləyib. 20 yaşlı futbolçu da yeni müqavilə ilə 2025-ci ilin yayına kimi London klubunda qalacaq. O, yeni müqaviləni imzaladıqdan sonra "Preston Nort End" klubuna icarəyə göndərilib. İrlandiyalı futbolçu 2023-cü ilin yayına kimi bu komandada forma geyinəcək.
 
Troy Perrot "Tottenhem"in öz yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 4 oyuna çıxıb. London klubu Perrotu daha öncə "Milluol", "İpsviç Taun" və "Milton Kins Dons"a da icarəyə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest