17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Elxan Abdullayevin matc.az saytına müsahibəsi
 
- Mövsümə ilk başlayan klubumuz "Qarabağ" çempionlar Liqasında artıq iki mərhələ keçib. Azərbaycan çempionunun "Lex" və "Sürix"lə oyunlarına əsasən hansı fikri yürütmək olar?
- "Qarabağ" həmişəki kimi bizi sevindirdi. Onlara hər iki mərhələnin ən güclü rəqibi düşmüşdü. "Lex" Polşanın, "Sürix" isə İsveçrənin çempionudu. Hərdən deyirlər ki, "Sürix" zəif oynadı. Amma dərk etmək lazımdı ki, "Qarabağ" onları zəif oynamağa məcbur elədi. "Qarabağ" onların hər ikisindən güclü çıxış etdi və layiqli şəkildə mərhələ adladı. İnanıram ki, "Qarabağ" növbəti mərhələni də adlayacaq. Düzdü, "Ferensvaroş" çətin olacaq. Amma yenə də təmsilçimizdən qələbə gözləyirik.
 
- Əksəriyyət düşünür ki, "Sürix" "Ferensvaroş"dan güclüdür. Siz bu fikirlə razısız?
- Mən belə düşünmürəm. Hesab edirəm ki, "Ferensvaroş" "Sürix"dən güclüdü. Macarların oyununu görmüşəm, aqressiv futbol göstərirlər. ümumiyyətlə, macarlar həm milli, həm də klub səviyyəsində yaxşıdılar.
 
- "Ferensvaroş"da baş məşqçi Stanislav çerçesov amili xüsusi vurğulanır. Rusiyalı mütəxəssisin bu komandanı çalışdırması "Qarabağ" üçün əlavə siqnal ola bilərmi?
- Mən çerçesov amilini bura qatmazdım. Bəli, "Ferensvaroş" güclü komandadı, amma hər şey meydanda həll olunacaq. Hər iki komanda mərhələ adlaya bilər. Proqnoz vermək çox çətindi. Yenə də məni "Ferensvaroş" yox, "Qarabağ" maraqlandırır.
 
- Hər kəs "Qarabağ"ın bu mövsüm yenidən çempionlar Liqasının qrupuna düşmək şansını yüksək qiymətləndirir. Sizin ehtimalınız nədi?
- Hər şey mümkündü. Bu, motivasiyadan, yanaşmadan asılıdı. "Qarabağ" "Ferensvaroş"dan da güclü klublarla oynayıb və onlara qalib gəlib. Buna görə də, Ağdam klubundan uğurlu nəticə gözləyirəm.
 
- Sabiq komandanız "Neftçi" Konfrans Liqasının II təsnifat mərhələsində Kipr klubu "Aris" səfərdə 0:2 hesabı ilə məğlub olsa da, Bakıda geridönüş etməyi bacardı (3:0). Onlardan bunu gözləyirdiz?
- "Neftçi" də bizi sevindirdi. Açığı, ilk oyunu çox zəif keçirdi. Amma avrokubok iki matçdan ibarətdi. "Neftçi" Kiprdə çox zəif təsir bağışlasa da, cavab qarşılaşmasında lazımlı nəticəni əldə edə bildi. Düzü, mən "Aris"i güclü rəqib saymırdım. Sadəcə, "Neftçi" orada zəif oynadı. Ancaq bizim komandanın potensialı onları keçməyə imkan verirdi. Şəxsən mən "Neftçi"nin Bakıda geridönüş edəcəyinə inanırdım.
 
- Növbəti mərhələdəki rəqib "Rapid"lə duellər barədə nə deyə bilərsiz?
- çox çətin olacaq, bu artıq Avstriyanı təmsil edən komandadı. Avstriya klubları da yaxşı çıxış edirlər. Bu cütlüyə proqnoz vermək çox çətindi. Rəqibi təhlil eləmədiyim üçün onların hansı durumda olduğundan xəbərsizəm. İlk görüşdən çox şey asılı olacaq.
 
- Digərləri ilə müqayisədə "Zirə" və "Qəbələ" avrokuboklarla erkən vidalaşdı. Onların yoluna davam etməsinə nə mane oldu?
- "Zirə"yə ən güclü rəqib düşmüşdü. Hətta deyərdim ki, Təl-Əviv "Makkabi"si "Sürix"dən də güclü komandadı. Açığı, hələ püşkatma olanda düşündüm ki, "Zirə"nin işi çətin olacaq. çünki adlı-sanlı, güclü rəqiblə düşmüşdülər. Bu da "Zirə" üçün bir təcrübə oldu. Bu komandanı tənqid eləmək istəmirəm, amma etiraf edək ki, "Makkabi" "Zirə"dən güclüdü. "Qəbələ"nin isə "Fehervar"la öz meydanındakı görüşünü tribunadan izlədim. "Qəbələ" çox yaxşı çıxış elədi. Təəssüf ki, orada 4 top buraxmaları həlledici oldu. Halbuki "Qəbələ" "Fehervar"dan zəif deyildi. Ən azı doğma arenasında qələbə qazanmaqla azarkeşlərini sevindirə bildi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest