İngiltərənin "çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, London təmsilçisi "Brayton"un sol cinah müdafiəçisi Mark Kukurelyanı transfer edib.
 
Bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. İspaniyadan olan 26 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. "Zadəganlar" bu keçidə görə "Brayton"a 65 milyon avro təzminat ödəyəcək. Əlavə bonuslarla bu məbləğin 73 milyona yüksəlməsi nəzərdə tutulub.
 
Mark Kukurelya "Barselona"nın yetirməsidir. Lakin o, həmin vaxt Kataloniya klubunun əsas komandasında forma şansı qazanmadan "Eybar" və "Xetafe"yə icarəyə verilib. 2020-ci ildə isə "Xetafe" onu "Barselona"dan birdəfəlik transfer edib. Bu komandada daha bir mövsüm keçirdikdən sonra müdafiəçi ötən ilin avqustunda "Brayton"a transfer olunmuşdu. O, ötən mövsüm Premyer Liqada meydana çıxdığı 35 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 
"çelsi" Kukurelya transferinin bir parçası olaraq, öz gənc oyunçusu Levi Kolvilli də "Brayton"a icarəyə verib. 19 yaşlı mərkəz müdafiəçisi 2022/23 mövsümünün sonuna kimi icarədə oynayacaq. O, ötən mövsümü də "Haddersfild Taun"da icarədə keçirib.
 
"çelsi" kapitanı Sesar Aspilikueta ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 32 yaşlı sağ cinah müdafiəçisi yeni müqaviləyə əsasən 2024-cü ilin yayına kimi London klubunun uğurları üçün çalışmağa davam edəcək.
 
Sesar Aspilikueta peşəkar karyerasına İspaniyanın "Osasuna" komandasında başlayıb. O, 2010-2012-ci illər aralığında Marsel "Olimpik"ində legioner həyatı yaşadıqdan sonra, 2012-ci ildə "çelsi"yə transfer olunmuşdu. İspaniyalı müdafiəçi London klubunun heyətində iki dəfə İngiltərə çempionu olub, bir dəfə UEFA çempionlar Liqasını, bir dəfə UEFA Super Kubokunu, bir dəfə FİFA Klublararası Dünya çempionatını qazanıb. O, İngiltərə Federasiya Kubokunda və İngiltərə Liqa Kubokunda da bir dəfə qalib olub. 32 yaşlı müdafiəçi "mavilər"in heyətində 476 oyun keçirib, 17 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest