Futbol üzrə İngiltərə Premyer Liqasının 2-ci turunun "çelsi" – "Tottenhem" matçı (2:2) bu iki komandanın baş məşqçisi Tomas Tuxellə Antonio Konte arasındakı gərginliklə yaddaqalan oldu. Matc.az xəbər verir ki, matçın gedişində də aralarında problem yaşanan mütəxəssislər final fitindən sonra bir-birinin əlini sıxarkən yenidən ara qarışıb.
Belə ki, Tuxel italiyalı çalışdırıcıya narazılıqlarını çatdırıb. Lakin Konte buna aqressiv reaksiya verib və insident böyüyüb. Nəticədə, hələ matçın gedişində sözləri çəp gələn baş məşqçilərin hər ikisinə qırmızı vərəqə göstərilib.
Matçdan sonra Tuxel Konte ilə yaşadığı insidentə aydınlıq gətirib:
"Mən bir-birimizin əlini sıxan zaman Kontenin gözlərinə baxmağı vacib saydım. Görünən budur ki, o, başqa cür düşünürmüş…
Bu gün yalnız bir komanda qələbəyə layiq idi ki, o da biz idik. Bu gün "Tottenhem"in futbolçularının - Pyer-Emil Höyberq və Rodriqo Bentankurun neçə dəfə qaydanı pozduğunu deyə bilmərəm. Nə vaxtdan futbol matçlarında rəqibin saçından dartmaq qayda pozuntusu sayılmır? Onlar belə hərəkəti özlərinə rəva görsələr də, buna görə heç nə deyən olmadı".
Qeyd edək ki, ilk iki turdan sonra hər iki komandanın 4 xalı var.