çexiyanın "Viktoriya" klubunun yarımmüdafiəçisi Yan Kopits çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" üzərində 2:1 hesablı qələbə qazandıqları oyundan sonra ölkəsinin mətbuatına müsahibə verib. Matc.az saytı xəbər verir ki, komandasının ilk qolunun müəllifi olan çexiya millisinin 32 yaşlı futbolçusu oyunu dəyərləndirib.

- "Qarabağ" üzərində qələbədən sonra özünüzü necə hiss edirsiniz?
- çox gözəl. Bu, böyük eyforiyadır. Sonuncu dəfə çempionlar Liqasının qrupuna yüksəldiyimiz zamanla müqayisədə indiki uğur daha böyükdür. Bu dəfə üç mərhələ keçməli olduq. Altı çətin matçın öhdəsindən gəldik və istəyimizə çatdıq. çempionlar Liqasında olmağa layiq idik.

- "Qarabağ" birinci hissədə önə keçəndə əsəbləşdiniz?
- Narahatlıq keçirdik, amma hələ çox vaxtımız var idi. İkinci hissənin əvvəlində "Qarabağ" oyunu dəhşətli şəkildə gecikdirməyə başladı. Amma sonda rəqibi cəzalandırdıq. Oyunu layiqincə çevirdik və yolumuza davam edirik.

- Yəni stress yox idi? Fasilədə paltardəyişmə otağında nədən danışıldı?
- Xüsusi heç nə. Bilirdik Yan Kliment meydanya çıxacaq. Ona görə də müdafiənin dərinliyinə uzun toplar verə bildik. Təzyiq yaratdıq ki, bu da qapıçının səhvindən sonra qol vurmağımızla nəticələndi.

- "Qarabağ" futbolçuları oyunu gecikdirdiyi anlarda daha da həyəcanlanmırdınız?
- Əksinə, hamının içində qəzəb var idi. Qorxurdum ki, bu, kiminsə içində böyüyər, komandanı zəiflədər. Xoşbəxtlikdən tez bərabərlik qolunu vurduq. Əgər bir qədər də hesabda geri qalsaydıq, vəziyyət daha da pisləşəcəkdi. Bəxtimizdən oyunu çevirdik.

- Rəqibi bərabərlik topu ilə sarsıtdınız?
- Fasilə ərəfəsində bir standart vəziyyətdən sadə zərbə ilə qol vurdular. Bundan sonra rəqib rahatlaşdı, bizdə isə təzyiq var idi. Daha bir qol an məsələsi idi.

- Kapitan Ludek Pernitsa bildirib ki, 2:1 hesabının patenti sizdədir. Onunla razısınız?
- Yəqin ki, bu artıq təsadüf deyil. Kaş belə davam etsin. ümumiyyətlə, evdəki geridönüşdən sonra hər şey daha şirin oldu. Başqa nə arzu edə bilərəm? Fasiləyə məğlub yollanmışdıq, amma matçı çevirdik. Komandada böyük eyforiya yarandı.

- "Qarabağ" əvvəlki mərhələlərdə qarşılaşdığınız HİK və "Şerif"dən daha sərt rəqib idi?
- Əlbəttə. Hücumçuları çox keyfiyyətli idi, bizə böyük problemlər yaradırdılar. Bununla belə, komanda olaraq bununla mübarizə apara bildik. Bir-birimiz üçün oynasaq, hər kəsə qalib gələ bilərik.

- çempionlar Liqasındakı mübarizəniz zamanı sizə güvənməyən tənqidçilərə nə cavab verərsiniz?
- Mən 8 ildir Plzendəyəm, gəldiyim gündən eşidirəm ki, "Viktoriya" uğurlarla zəngindir.

- çempionlar Liqasının qrupunda rəqib olmağı xəyal etdiyiniz komanda var?
- Turnirin ilk matçından hamımız bir-birimizə Parisə gedəcəyimizi demişik. Düşünürəm ki, artıq iş bitib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest