İspaniyanın "Atletik" klubu PSJ-nin futbolçusu Ander Herreranı icarəyə götürüb. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, PSJ-də az şans qazanan 33 yaşlı yarımmüdafiəçi Bilbaoya qayıtmağa qərar verib.
 
Bir illik icarə müddətindən sonra "Atletik" futbolçunun transfer hüququna sahib çıxa biləcək.
 
33 yaşlı Herrera 2011-2014-cü illərdə "Atletik"də çıxış edib.
 
PSJ gənc oyunçuları – Mutanabi Bodianq ilə Denis Frankini də icarəyə göndərib. 19 yaşlı oyunçular müvafiq olaraq "Le Puy Foot" və "Bernli" klublarına icarəyə verilib. Onlar da 2022/23 mövsümünün sonuna kimi icarədə olacaqlar. Paris klubunun öz yetirməsi olan Seneqal əsilli Bodianq sağ cinah müdafiəçisi, italiyalı Franki isə qapıçıdır.
 
Yeri gəlmişkən, Ander Herreranı heyətinə qatan "Atletik" də öz yarımmüdafiəçisi Peru Nolaskoaynı da "Eybar"a icarəyə verib. İspaniyadan olan 23 yaşlı futbolçu mövsümün sonuna kimi icarədə olacaq. O, daha öncə "Deportivo" və "Amorebieta"da da icarədə oynayıb. Bilbao təmsilçisinin öz yetirməsi olan dayaq yarımmüdafiəçisi, əsas komandada 10 oyun keçirib, 2 qol vurub.
 
"Atletik"in digər yarımmüdafiəçisi Niko Serrano isə "Mirandes"ə icarəyə verilib. 19 yaşlı vingerin icarə müddəti mövsümün sonuna qədərdir. Bilbaoluların öz yetirməsi olan futbolçu əsas komandada 17 oyun keçirib, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest