İngiltərənin "Everton" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Brayton"un hücumçusu Nil Mopeni transfer edib.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıb. 26 yaşlı forvardla 3+1 illik müqavilə imzalanıb.
 
"Everton" bu transfer üçün "Brayton"a 11.8 milyon avro ödəyib. Halbuki, "Brayton" onu 2019-cu ildə "Brentford"dan 15.6 milyon avroya transfer etmişdi.
 
Nil Mope Fransanın "Nitsa" klubunun yetirməsidir. O, "Brayton"dan öncə "Brentford", "Brest", "Sent Etyenn" kimi klubların da formasını geyinib. Fransalı forvard bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb. O, "Brayton"da keçirdiyi son 3 mövsümdə 109 oyuna 27 qol vurub.
 
Mopeni transfer edən "Everton" digər fransız oyunçusu Nils Nkunkunu da icarəyə göndərib. Belə ki, 21 yaşlı sol cinah müdafiəçisi bu mövsümün sonuna kimi "Kardiff Siti" klubuna icarəyə verilib. Marsel "Olimpik"inin yetirməsi olan gənc futbolçu 2020-ci ildən "Everton"da olsa da, Premyer Liqa klubunda cəmi 7 oyuna çıxıb. O, ötən mövsümü də "Standard" (Lyej) klubunda icarədə keçirib.
 
Mopeni "Everton"a göndərən "Brayton" müdafiəçisi Mett Klarkı da "Midlsbro"ya satıb. 25 yaşlı futbolçu 2.6 milyon avroya satılıb. İngilis müdafiəçi yeni klubu ilə 3+1 illik müqavilə bağlayıb. 2019-cu ildən "Brayton"da olan futbolçu bu klubun əsas komandasında oynamayıb. Belə ki, ilk iki ili "Derbi Kaunti"də icarədə keçirmiş oyunçu, geridə qalan mövsümdə də "Vest Bromviç"də oynayıb. O, daha öncə "İpsviç Taun" və "Portsmut"un da uğurları üçün çalışıb.
 
"Brayton" gənc oyunçuları Lorent Tolay ilə Kasper Kozlovskini də icarəyə verib. Tolay bu mövsümün sonuna kimi "Satford Siti"də, Kozlovski isə "Vitess"də icarədə olacaq. İsveçrədən olan Tolay 2018-ci ildən "Brayton"dadır. 20 yaşlı forvard hələ əsas komandada debüt etməyib. O, ötən mövsümdə də "Kembric Yunayted"də icarədə oynayıb.
 
Polşanın "Poqon" klubunun yetirməsi olan Kozlovski isə yarımmüdafiəçidir. O, bu ilin yanvarında "Brayton"a transfer olunub və dərhal Belçikanın "Union" klubuna icarəyə verilib. 18 yaşlı futbolçu artıq Polşanın əsas milli komandasında 6 oyuna çıxıb.
 
"Brayton"da hücumçu Denni Uelbeklə də yeni müqavilə imzalanıb. 31 yaşlı forvard yeni sözləşməyə əsasən, 2024-cü ilin 30 iyununa kimi bu komandada qalacaq. Əvvəlki sözləşmə 2023-cü ilin yayına kimi idi.
 
Denni Uelbek 2020-ci ilin oktyabrından "Brayton"un uğurları üçün çalışır. O, bu komandada 53 oyuna çıxıb, 12 qol vurub. Təcrübəli futbolçu daha öncə "Mançester Yunayted" "Preston Nort End", "Sanderlend", "Arsenal" və "Uotford" kimi klubların da formasını geyinib, İngiltərə yığmasında 42 oyuna 16 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest