06 Sentyabr 2022, 16:22
AVROPA LİQASI
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Almaniyanın "Frayburq" komandası ilə oyun üçün Almaniyaya səfər öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bunları söyləyib:
"İlk oyunumuza gedirik. İstəyimiz, həvəsimiz böyükdür. çünki indiyədək qrup mərhələsində iştirak etmək üçün çox əziyyət çəkilib. Əlbəttə, istərdik ki, çempionlar Liqasının qrup mərhələsində oynayaq. Bundan ötrü oyundan-oyuna qarşımıza hədəf qoyurduq. Lakin alınmadı. Dəfələrlə demişəm ki, qrup mərhələsində oynamaq böyük təcrübədir. Bu, həm də futbolçularımın daha da inkişaf etmələri baxımından sevindiricidir. Bundesliqanın hazırkı liderinə qarşı oynayacağıq. Bu, futbolçularımız üçün böyük təcrübə olacaq. Hər oyunda ən yaxşı nəticəyə nail olmağa çalışacağıq. Rəqiblərimiz nə qədər güclü olsa da, meydanı mübarizəsiz tərk etmək istəmirik. Həmişə demişəm ki, rəqibi daha yaxşı tanımaq üçün ona qarşı mübarizə aparmalısan. Yəqin ki, hər bir komanda ilə oyunda onları daha yaxşı tanıyıb, buna uyğun da addımlar atacağıq".
Qurbanov heyətlə bağlı heç bir problemin olmadığını, Maksim Medvedevin də sıraya döndüyünü bildirib: "Futbolçularım hamısı bu oyuna hazırdırlar. Ciddi bir problemimiz yoxdur. Maksim Medvedev də artıq komanda ilə məşqlərə bağlayıb. Bütün məşqlərdə iştirak edib. Ola bilər ki, əsas heyətdə olmasın, amma zamanla şans qazanacaq".