"Qarabağ"ın futbolçusu Kevin Medina Almaniyanın Frayburq şəhərinə ezam olunmuş jurnalistlərə müsahibə verib. Matc.az sizi həmin müsahibə ilə tanış edir:
 
- Zədədən sonra komanda ilə birlikdə Almaniyaya səfər etmisiniz. Hazırda durumunuz necədir? 
- özümü çox yaxşı hiss edirəm. Hətta gözlədiyimdən də yaxşıyam. İstənilən situasiyaya hazıram. 
 
- Yaşıl meydanlara nə vaxt qayıdacağınız vaxt bəllidirmi?
- Məndən asılı olsa, "Fraybur"a qarşı görüşdə meydana girmək və komandama köməklik etmək istəyərəm. Zədəm gözlədiyimizdən tez bərpa olundu. Hər şey yaxşı gedir. Baş məşqçinin, fizioterapeftlərin, fiziki hazırlıq üzrə məşqçilərin mənimlə bağlı uyğun planları var. Onlar nə vaxt məsləhət görsələr, həmim an meydana çıxıb oynayarıq. 
 
- Komanda sabah Avropa Liqasının qrup mərhələsində ilk qarşılaşmasına çıxacaq. Komandaya kömək edə bilməyəcəksiniz. Hansı hissləri keçirirsiniz?
- Əlbəttə. Komandaya belə vacib görüşlərdə kömək edə bilməmək insanda neqativ hisslər oyadır. Kömək etmək istəyirsən, amma əlindən bir şey gəlmir. Yenə deyirəm, zədəm gözlədiyimizdən də tez sağalır. Bunun da səbəbi var. Mən də çox çalışdım. Mümkün qədər tez sıraya dönmək üçün hər gün işləyirdik. Məndən olsaydı, bugünkü matçda da oynayardım. Əlimdən gələni edəcəyəm ki, baş məşqçi növbəti matçda mənə güvənə bilsin. 
 
- Bugünkü matçda komandanın şanslarını necə görürsünüz? 
- Hansı komandaya qarşı oynayacağımızın fərqindəyik. Almaniya təmsilçisi Bundesliqaya yaxşı başlayıb. Hazırda da liderdilər. Düşünürəm ki, bizim də yaxşı komandamız var və rəqibi yetərincə analiz etmişik. Onların gücünə bələdik. Bu matçda şansımızın olduğunu düşünürəm. Futbolda hər nəticəni gözləmək olar. Yaxşı nəticə qazanacağımıza da ümid edirəm. Amma hər şey meydanda görünəcək. 
 
- Qrupdakı digər komandalar - Yunanıstan "Olimpiakos"u və Fransa "Nant"ı barədə nə deyə bilərsiniz? 
- Bu qrupu özümüz üçün uyğun hesab edirəm. Hər komandanın özünəməxsus adı və çəkisi var. "Qarabağ"ın da özünəməxsus çəkisi var, çünki qrupadək Polşa, İsveçrə, Macarıstan çempionlarını sıradan çıxarmışıq. Qrupdakı rəqiblər də necə komandaya qarşı mübarizə aparacaqlarının fərqindədirlər. ümumi götürsək, bir az qəliz qrupdur. Mən şəxsən bu rəqiblərə qarşı oynamağı çox istəyərdim. 
 
- Ardıcıl bir neçə qarşılaşmada müdafiənin mərkəzində Bədavi Hüseynovla Bəhlul Mustafazadə çıxış edib. Onları oyununu necə dəyərləndirirsiniz? 
- Bu qarşılaşmalar göstərdi ki, Bədavi ilə Bəhlul cütlüyü bu tip matçlara hazırdır. Onların məşqlərdə bizimlə birlikdə necə çalışdıqlarını görürdük. Onlar üçün də məqam gəldi, yetişdi. öz performanslarını oyundan-oyuna artırırdılar. 
 
- İbrahima Vadjinin gedişindən sonra azarkeşlər transfer olunmadığı üçün komandanın uğursuzluqla üzləşəcəyini düşünürlər. Sizcə, bu heyət Avropa Liqasında mübarizə aparmaq üçün yetərlidirmi? 
- Vadji komandanın önəmli parçası idi. Vurduğu qollarla qələbə qazanmağımıza çox köməklik edirdi. Amma komandaya yeni qoşulanda heç də gözlənilənləri vermirdi. Zaman keçdikcə uyğunlaşdı və daha önəmlo fiqura çevrildi. Amma nəzərə alaq ki, Vadji komandaya gələnədək komandada bu uğur trayektoriyası var idi. Sırf hər şeyi Vadji ilə əlaqələndirmək olmaz. Komanda Kvabena Ovusu, Ramil Şeydayev, Musa Qurbanlı kimi hər zaman fürsət gözləyən digər hücumçular da var. Həyatda da belədir. Hər kəs öz şansını gözləyir ki, fürsətdən istifadə etsin.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest