11 Sentyabr 2022, 09:41
AVROPA LİQASI
"Qarabağ" avrokuboklarda növbəti dəfə hakim haqsızlığı ilə üzləşdi. Matc.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinə "Frayburq" səfəri ilə başlayan Azərbaycan çempionunun layiq olduğu xalı qazanmasına rəqibdən çox hakimlər briqadası mane oldu.
"Top-5" liqalardan sayılan Almaniya Bundesliqasının liderinə qarşı matçdakı üstün performansa rəğmən Ağdam təmsilçisi turnirə minimalhesablı məğlubiyyətlə başladı.
"Frayburq" (Almaniya) – "Qarabağ" (Azərbaycan) – 2:1
Qollar: Vinçentso Qrifo, 7 (pen.), Ritsu Doan, 15 – Marko Veşoviç, 39
Frayburq, "Avropa-Park" stadionu. Hakimlər: Erik Lambrexts, Co de Veyrdt, Matias Hillert, Vim Smet (hamısı Belçika). VAR hakimləri: Villi Delajod, Benoit Millo (hər ikisi Fransa)
"Frayburq": 26. Mark Flekken, 3. Filip Linhart, 28. Mattias Ginter, 30. Kristian Günter (k), 25. Kiliann Sildillia, 8. Maksimilian Eggeştayn, 27. Nikolas Höfler, 32. Vinçentso Qrifo (11. Daniel-Kofi Kyere, 71), 42. Ritsu Doan (14. Yannik Kaytel, 90+3), 29. Yonq Vu-Yonq (33. Noah Veybhaupt, 88), 18. Nils Petersen (38. Mixael Qreqoritş, 71)
Ehtiyat oyunçular: 1. Benjamin Uphoff, 21. Noah Atubolu, 2. Uqo Sike, 7. Conatan Şmid, 17. Lukas Kübler, 23. Robert Vaqner, 31. Keven Şlotterbek, 34. Merlin Röl
Baş məşqçi: Kristian Ştrayx
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (GK), 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov (44. Elvin Cəfərquliyev, 90+2), 29. Marko Veşoviç, 2. Qara Qarayev (k) (7. Riçard Almeyda, 76), 8. Marko Yankoviç (15. Leandro Andrade, 84), 20. Kadi Borqes, 10. Abdullah Zubir, 77. Ramil Şeydayev (6. Julio Romao, 76), 11. Ovusu Kvabena
Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
Frayburqda cəsarətli "11-lik"
Heyətlə bağlı problemlər yaşayan "Qarabağ"ın Almaniyada hansı "11-lik"lə meydana çıxacağı böyük maraq doğururdu. Kevin Medinadan fərqli, kapitan Maksim Medvedev zədəsini sağaltsa da, Qurban Qurbanov onu yenə riskə atmadı. çalışdırıcı yaxşı forma yığan və müdafiənin mərkəzində uğurlu tandem təşkil edən Bəhlul Mustafazadə - Bədavi Hüseynov cütlüyünə üstünlük verdi. Milliləşən yarımmüdafiəçilər Riçard Almeyda ilə Filip Ozobiç də ehtiyatda qalmışdı. Qarşılaşmanın Frayburqda keçirilməsinə baxmayaraq, baş məşqçi qorxaq deyil, cəsarətli heyəti meydana buraxmışdı. Kadi Borqesi yenə pleymeyker mövqeyinə çəkən çalışdırıcı hücumun sağ cinahında Ramil Şeydayevə güvənmişdi. Ən böyük sual hücumun mərkəzində kimin yer alacağı idi. Bir neçə gün əvvəl "Sent-Etyenn"ə transfer olunan İbrahima Vadjidən boşalan yeri Ovusu Kvabena tutmuşdu. Bir sözlə, "Qarabağ" 4-2-3-1 taktiki sxeminə sadiq qalmışdı.
Bundesliqanın liderində dəyişikliklər
Bundesliqaya liderlik edən "Frayburq"un isə "Bayer" üzərində səfər qələbəsi qazandığı son matçla müqayisədə heyətində ciddi dəyişikliklər olmuşdu. Bu mövsüm əsasən 4-2-3-1-lə oynayan "Frayburq" Leverkuzendə 3-4-3-ə üstünlük vermişdisə, "Qarabağ" önündə yeni taktiki sxemi sınadı. Baş məşqçi Kristian Ştrayx bu dəfə xoşbəxtliyi 4-4-2-də axtardı. "Bayer"lə oyunun start "11-liy"ində 4 dəyişikliyə əl atan çalışdırıcı bu mövsüm ilk dəfə Yonq Vu-Yonq - Nils Petersen cütlüyündən ibarət hücum tandemi yaratmışdı. Aparıcı oyunçulardan Yannik Kaytel və Mixael Qreqoritş ehtiyatda qalmışdısa, Roland Şallai zədə səbəbindən iştirak ərizəsindən kənarda qalmışdı.
Uğursuz start, ucuz penalti
"Frayburq"un oyuna daha üstün başlaması gözlənilən idi. Ancaq almanlar hakimin start fitindən dərhal sonra vaxt itirmədən təmsilçimiz üzərində amansız təzyiqə başladı. Futbolçularımız matça hələ isinişməmiş qapılarında qol gördülər. Doğrudu, "Frayburq"un pressinqi müdafiəçiləri gərginlikdə saxlayırdı. Ancaq 7-ci dəqiqədə belçikalı hakimlər briqadasının VAR-a baxdıqdan sonra adi toqquşmanı penalti kimi dəyərləndirməsi ağır qərar idi. çünki kornerdən ötürmə zamanı Toral Bayramovla rəqib oyunçu topsuz sahədə bir-birlərini görmürdülər və toqquşma zamanı Toralın qolu "Frayburq" oyunçusunun üzünə gəldi. Onsuz da, oyuna yaxşı başlamayan "Qarabağ"ın qapısına təyin olunan ucuz penalti matçın axarına təsirsiz ötüşməyə bilməzdi. Təkcə ilk 10 dəqiqədə fərqin artmamasına görə, qeyri-dəqiq zərbə vurduğu üçün Ritsu Doana təşəkkür düşür.
Həm qola qədər, həm də hesab açıldıqdan sonra "Qarabağ"ın ən zəif nöqtəsi kimi yarımmüdafiə xəttini və müdafiənin sol cinahını göstərmək olar. çünki orta sahə oyunçuları müdafiə xəttinə lazımi dəstəyi verə bilmirdi, epizodlarda ləng davranırdı. Bu da frayburqluların qapımız qarşısına rahatlıqla yaxınlaşmasına şərait yaradırdı. Penaltiyə səbəb olan Toral isə sol cinahda rəqib hücumlarını dəf etməkdə aciz görünürdü. Almanlar da məhz onun cinahından daha çox həmlələr edirdi. Ritsu Doanın 15-ci dəqiqədə vurduğu ikinci qolda da hücum məhz Bayramovun cinahından başladı.
Təzyiqin bəhrəsi, yerinə düşməyən fasilə
Böyük təzyiq sayəsində erkən qollarla önə keçən "Frayburq" bundan sonra sakitləşdi. Hissənin ortalarına doğru "Qarabağ" oyunu bərabərləşdirdi, topla daha çox rəftar etməyə başladı. Topsuz qaldığı zaman meydanda özünə bənzəməyən ağdamlılar getdikcə vəziyyəti lehinə çevirməyi bacardı. Fasilə ərəfəsində təmsilçimiz artıq daha çox adamla hücuma çıxır, meydanın rəqibə aid hissəsində top çevirirdi. üstəlik, ev sahiblərinə də məhz onların qapısı qarşısında təzyiq edirdi. Bir növ matçın startında "Frayburq"un etdiyini "Qarabağ" hissənin sonlarında təkrarladı. Qurban Qurbanovun kollektivi bunun da xeyrini gördü. Qara Qarayevin rəqibdən "oğurladığı" top çoxgedişli ötürmələrin yekununda Marko Veşoviçə verildi. Monteneqrolu müdafiəçinin də uzaq məsafədən zərbəsi qarşısıalınmaz oldu. Hesab arasındakı fərq minimuma endikdən sonra almanlar heç cür toparlana bilmədilər. Komandamız bir neçə dəfə rəqib müdafiəsinə həyəcan yaşatsa da, gah son ötürmələr ünvana vaxtında verilmirdi, gah da zərbə gözlənilən effektdə olmurdu. "Qarabağ"ın üstünlüyü ələ aldığı bir vaxtda fasilənin olması isə heç yerinə düşmədi. çünki Azərbaycan çempionu bütün statistik göstəriciləri bərabərləşdirmiş, hətta bəzi komponentlərdə rəqibi əməlli üstələmişdi.
İkinci hissədə üstün oyun
Fasiləyə baxmayaraq, "Qarabağ" ikinci hissəyə də qaldığı yerdən davam etdi. Artıq tam diktə edən, hücumlar quran, qol axtaran tərəf qonaqlar idi. Rəqibin heç də qorxulu olmadığını başa düşən futbolçular topu itirdikləri zaman geri çəkilmir, elə hücumdaca pressinq edirdilər. İkinci hissədə kiminsə zəif təsir bağışladığını, digərlərindən geri qaldığını da demək mümkün deyil. Qara əks-hücumlara ilk reaksiyada gecikmirdi, Kadi sol ayağı ilə vurduğu zərbələrlə, Zubir driblinqləri ilə qapıçını həyəcanlandırırdı, Kvabena hücumdakı hərəkətliliyi ilə müdafiəçiləri daim gərginlikdə saxlayırdı, Şeydayev isə topla sürətli reydlərlə rəqib oyunçularını yorurdu. Cinah müdafiəçiləri də geridən lazımi dəstəyi göstərərək, ön xətt oyunçularının irəlidə rahat oynamasına şərait yaradırdılar.
"Qarabağ"ın bərabərlik qolu arzusunda olduğunu görən almanlar isə topa yiyələndikləri zaman müdafiədə paslaşmaqla tempi aşağı salmağa çalışırdılar. Ancaq pressinq onların bunu uzun müddət etmələrinə mane olurdu. Yalnız 70-ci dəqiqədən sonra "Frayburq" topa nəzarət faizini bərabərləşdirməyə başladı. Bunu dərhal görən Qurban Qurbanov iki əvəzləmə ilə vəziyyəti düzəltməyə çalışdı. Julio Romao ilə Riçard Almeydanın mübarizəyə qoşulması məhz ayaqda top saxlamağa hesablanmışdı. Şeydayev əvəzləndikdən sonra Kadi sağa çəkildi. Qara isə həm çox yorulmuşdu, həm də artıq "Qarabağ"ın dağıdıcı yox, yaradıcı oyunçuya ehtiyacı var idi.
Xüsusən də, Almeydanın oyuna qoşulması ağdamlıların dinamikliyini artırdı. Onunla eyni vaxtda meydana daxil olan Romao isə yenə ləng hərəkətləri ilə diqqət çəkirdi. Sona yaxın yenidən təzyiqi artıran təmsilçimizin bərabərlik topunu vurmasının qarşısını isə rəqib yox, Belçikadan olan hakimlər briqadası kəsdi. İlk yarıda komandamızın qapısına sadə epizoda görə penalti təyin edən Erik Lambrexts bu dəfə Zubirə qarşı cərimə meydanındakı aşkar qayda pozuntusuna eyni cəsarəti sərgiləmədi. VAR-da oturan fransalı hakimlərin də epizodu incələmədən 5-10 saniyə ərzində heç nəyin olmadığını bildirməsi ilə baş hakim "davam" işarəsini göstərdi. Bu epizod "Qarabağ" futbolçularını sanki mübarizədən "soyutdu". üstəlik, meydan sahibləri də son dəqiqələrdə topu künclərdə gizləməklə və ardıcıl əvəzləmələrlə oyunu "öldürmək" məqsədi güddü. Yenə də son saniyədə Ovusu qol imkanı qazandı. Ancaq qanalı forvardın aşırma zərbəsi dəqiq olmadı.
Beləliklə, "Qarabağ" növbəti dəfə avrokuboklarda haqsızlıqla üzləşdi. Təmsilçimizin Almaniya Bundesliqasının liderinə qarşı sərgilədiyi 75 dəqiqəlik üstün oyunun nəticəsi olaraq səfərdən xalla dönməsinə UEFA-nın Belçika və Fransadan olan hakimlər briqadasının birgə canfəşanlığı mane oldu. Bəli, bu qarşılaşmada "Qarabağ"ı Almaniya klubu deyil, məhz hakimlər nəticəyə təsir edən kobud səhvlərlə məğlub etdi.