11 Sentyabr 2022, 12:07
AVROPA LİQASI
Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri səfər oyunu ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, o, Ağdam klubu ilə oyun üçün Bakıya səfərin çətinliyindən gileylənib:
"Qarabağ"la oyun üçün səyahət çox çətindir. Bərpa və məşqlər üçün infrastruktur məsələləri var. Avrokubok matçından 3 gün sonra çempionatda "Lans"la üz-üzə gələcəyik. Bakıdakı oyundan sonra və ya ertəsi gün Fransaya qayıdacağımızı hələlik bilmirik".
"Nant"ın futbolçusu Evan Gessan da 3 gündən bir meydana çıxmağın yorucu olduğunu bildirib. 21 yaşlı fransız forvard Azərbaycana səfər edəcəkləri üçün sevincli olduğunu söyləyib:
"Böyük turnirlərdə bu anları yaşamaqdan məmnunam. İstədiyimiz məhz budur. Oyunlarımızın çox olması mənim xoşuma gəlir. Bütün komandalar kimi hədəfimiz mümkün qədər çox xal toplamaq və qrupdan çıxmaqdır".
Liqa 1 təmsilçisi qrupdakı növbəti oyununu Bakıda "Qarabağ"a qarşı keçirəcək. Qarşılaşma sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 20:45-də başlayacaq.