14 Sentyabr 2022, 17:45
AVROPA LİQASI
Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kombuare Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
"Təhlükə hər zaman var. Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik. Biz Liqa 1 ilə Avropa Liqası arasında fərq qoymuruq.
Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. "Qarabağ"ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə həvəslə oynayacaqlar. Biz də yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.
"Qarabağ"ın əvvəlki matçlarını izləmişik. Rəqibin avrokuboklarda nə qədər təcrübəyə malik olduğunu bilirik. Onlar asanlıqla hücuma keçirlər. Bunun üçün hazırlıq görmüşük. Rəqibin hücumlarının qarşısını almağa çalışacağıq".
Fransalı baş məşqçi futbolçuların durumunun yaxşı olduğunu sözlərinə əlavə edib: "Buraya oyuna görə gəlmişik. "Qarabağ" motivasiyalı olacaq. Bunu bilirik. Sadəcə, oyunumuzu keçirib, evimizə qayıdacağıq".
Mütəxəssis yorğunluğun komanda üçün bəhanə olmayacağını diqqətə çatdırıb: "Ard-arda oyunlarımız var, istirahət edə bilmirik. Amma hər bir oyunçunun qarşısında həvəslə və tam güclə oynamaq tapşırığı qoyuram. Əlimzdən gələni etməli, bütün gücümüzü qoymalıyıq.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya saat 20:45-də start veriləcək.