"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın "Nant" komandasına qarşı keçirdikləri oyunu şərh edib.

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın "Nant" komandasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
"çətin rəqibə qarşı oynayırdıq. Oyundan əvvəl bizə desəydilər ki, 3:0 hesablı qələbə qazanacağıq, inanmazdıq. Bu hesabı gözləmirdim, amma komanda olaraq möhtəşəm oynadıq".
 
30 yaşlı futbolçu kompakt şəkildə çıxış etdiklərini bildirib: "Sanki hamımız bir-birimizi dəstəkləyirdik. Fikrimiz bir olanda yaxşı nəticə əldə edə bilirik. Fransanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. ön xəttdə təhlükəli oyunçuları var idi. Hər şey biz istədiyimiz kimi oldu".
 
Komandanın kapitanı bu matçı karyerasının ən çətin oyunlarından biri adlandırıb: "Bir qarabağlı olaraq belə bir dönəmdə oyunlara hazırlaşmaq mənim üçün xüsusilə çətin idi. İstər ailəm, istərsə də komanda yoldaşlarım mənə motivasiya verə bildilər. Qazandığımız uğur ən birinci əsgərlərimizə, daha sonra azarkeşlərimizə həsr olunur. Nə qədər qələbə qazansaq da, bu, əsgərlərimizin zəfərinə çata bilməz. Qələbəmizin əsgərlərin qazandığı qələbənin yanında kiçik, dəyərsiz olduğunu hesab edirəm".
 
Qarayev bütün əsgərlərə salam göndərib: "Şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Ailələrinə səbr arzulayıram. Komandamızda hər kəs bu duyğuları hiss edir. Mənim üçün bu, "Legiya" ilə matçdan sonra olan xüsusi görüş idi. Belə çətin vəziyyətdə sonuncu dəfə həmin oyunda olmuşam. ümid edirəm ki, belə çətinlikləri bir daha yaşamarıq".
 
O, sonda azarkeşlərə təşəkkür edib: "Sadəcə möhtəşəm idilər. Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır. Qarşıdakı oyunlarda da hər kəsə xırda sevinc bəxş etmək üçün qalib gəlməyə çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest