16 Sentyabr 2022, 23:46
AVROPA LİQASI
Avropa Liqası və Konfrans Liqasında bu həftənin ən yaxşı futbolçuları müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq"un hücumçusu Mixael Qreqoriç qrup mərhələsinin 2-ci turunun ən yaxşı oyunçusu seçilib.
Avstriyalı futbolçu Yunanıstanda "Olimpiakos"a 3:0 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb. O, səsvermədə Evander Ferreyra ("Midtyulland", Danimarka), Teddi Teuma ("Yunion", Belçika) və Alireza Cahanbaxşı ("Feyenoord", Niderland) qabaqlayıb.
Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu isə Ukraynanın "Dnepr-1" komandasının hücumçusu Artyom Dovbik seçilib. 25 yaşlı forvard səfərdə "Apollon"a 3:1 hesabıyla qalib gəldikləri matçda 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Konfrans Liqasında qrup mərhələsində 2-ci turunun ən yaxşı oyunçusu adına Sərdar Gürler ("Başakşəhər", Türkiyə), Deyan Lyubiçiç ("Köln", Almaniya) və Emmanuel Banda ("Yurqarden", İsveç) da namizəd idi.