UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Yunanıstanın "Olimpiakos" klubunu cəzalandırıb. Matc.az xəbər verir ki, sözügedən komandanın Avroliqanın qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirəcəyi oyunda azarkeşlərlə bağlı məhdudiyyət tətbiq olunacaq.
 
Buna yunan fanatların Almaniya "Frayburq"una 0:3 hesabı ilə uduzduqları 2-ci tur matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub. Pirey təmsilçisi bunun üçün 50 min avro məbləğində cərimə də ödəyəcək. Bundan əlavə, "Olimpiakos" "Frayburq"la qarşılaşmada ictimai keçidləri bağladığına görə daha 8 min avro ödəməli olacaq.
 
Qeyd edək ki, "Olimpiakos" qrup mərhələsindəki növbəti matçını məhz "Qarabağ"a qarşı keçirəcək. Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ilə görüşdə şimal tribunasına azarkeş buraxılmayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest