05 Oktyabr 2022, 20:25
AVROPA LİQASI
Yunanıstanın "Olimpiakos" komandasının yarımmüdafiəçisi Matye Valbuena Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, fransalı futbolçu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Sabah mənim meydana çıxıb-çıxmamağım deyil, qələbə qazanmaq daha önəmlidir. Oynasam, qələbə üçün əlimdən gələni edəcəyəm. Əvvəlki iki turda məğlub olmuşuq. İlk xallarımızı qazanmaq üçün meydanda hər şeyi edəcəyik. Tamamilə oyuna köklənmişik. Baş məşqçinin tapşırıqlarını səhvsiz yerinə yetirməyə çalışacağıq ki, istəyimizə çataq".
38 yaşlı oyunçu "Qarabağ"la matçda daha çox mübarizə aparmalı olduqlarını vurğulayıb: "Yaxşı komandamız, yüksək səviyyəli futbolçularımız var. Doğru yoldayıq. Əzmlə çalışsaq, nəticə özü gələcək".
Sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.