"Turan Tovuz"un nigeriyalı yarımmüdafiəçisi Henri Okebuqvunun matc.az saytına müsahibəsi

- Premyer Liqanın 8-ci turunda öz meydanınızda "Zirə"yə məğlubiyyəti nə ilə izah edə bilərsiniz?
- Fikrimcə, oyunu pis keçirmədik. Sadəcə, kollektiv şəkildə bəzi səhvlərə yol verdik. Bu da uduzmağımıza səbəb oldu.

- Hesabı açsanız da, rəqib qısa müddətdə ardıcıl qollar vurdu. Birinci hissənin sonunda komandada nə baş verdi?
- Bəli, ilk qolu biz vurduq. Bundan daha da həvəslənərək ikinci top üçün hücuma keçdik. Ancaq "Zirə" qısa müddətdə 2 qol vuraraq oyunu dəyişdi.

- Hesab 1:3 olarkən meydana daxil oldunuz. Oyunu çevirmək üçün artıq çox gec idi?
- Məncə, matçı çevirmək üçün gec deyildi. Bunun üçün çox çalışdım. Ancaq "Zirə" çox yaxşı müdafiə olundu. Buna görə onlara alqış düşür.

- Mövsümə uğurlu start götürsəniz də, son iki matçda "Sabah" və "Zirə"yə 1:3 hesabı ilə məğlub oldunuz. "Turan Tovuz"un "barıtı bitdi"?
- Mən belə düşünmürəm. Ola bilsin ki, son iki görüşdə uduzmuşuq. Amma indi məşqlərdə daha çox çalışmaq bizim məsuliyyətimizdi. ümid edirəm ki, yenidən uğurlu nəticələr əldə etməyə başlayacağıq.

- Son üç görüşdə də meydana ikinci hissədə daxil olmusunuz. Hələ də kollektivə uyğunlaşa bilmirsiniz?
- Unutmayaq ki, cəmi bir aydır buradayam. Yeni liqaya gəlmişəm və yeni mühitə yavaş-yavaş uyğunlaşıram.

- Premyer Liqanın 9-cu turu çərçivəsində "Neftçi"nin qonağı olacaqsınız. Mövsümün birinci dövrəsini qələbə ilə tamamlamaq şansınız nə dərəcədə realdı?
- "Neftçi" yaxşı komandadı. Ancaq yenə də üzərimizdə çox çalışaraq və baş məşqçinin tapşırıqlarına nizam-intizamlı şəkildə əməl edərək, yaxşı nətiə qazanacağımıza ümid edirik.

- Nigeriyalı olsanız da, peşəkar karyeranız ərzində əsasən Albaniyada çıxış etmisiniz. Necə olub ki, Albaniyaya köçmüsünüz?
- 2016-cı ildə Nigeriya yüksək liqasında bir mövsüm keçirmişəm. 2017-ci ildə daha böyük imkanlar üçün Albaniyaya köçdüm.

- Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Albaniya millisini Avropa çempionatına çıxarıb. Deyəsən, Albaniyada onu çox sevirlər?
- Açığı, bu barədə çox məlumatlı deyiləm. De Byazi barədə çox şey bilmirəm. Amma deyə bilərəm ki, burada əla iş görür.

- Azərbaycana gələn futbolçular Bakını arzulayırlar. Tovuzda darıxmırsınız?
- Məşqlərimizi də, ev oyunlarımızı da Tovuzda keçirik. Burada dostlarım və həmkarlarım var. Mənim üçün Tovuz darıxdırıcı deyil.

- Məvacibinizi vaxtında ala bilirsiniz, maliyyə ilə bağlı problem yaşamırsınız?
- Bir aydır ki, burdayam. Maddi problemimiz olmayıb.

- Əfsanəvi fransalı futbolçu Tyerri Anri ilə eyni adı daşımağınızın həyatınıza təsiri olubmu?
- (gülür) Əfsanəvi Tyerri Anri məni "Arsenal" azarkeşi etdi. Mərkəz yarımmüdafiəçisi olsam da, onu çox sevirəm.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest