"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstanda "Olimpiakos"a qarşı keçirdikləri oyundan danışıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında 3:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı bunları söyləyib:
 
"Televiziya qarşısında fərqli görünə bilərdi, amma canlı tam başqa idi. Azarkeşlərin oyunçulara böyük təzyiqi var idi. Gərginlik həddindən artıq hiss olunurdu. Bu təzyiqlərə baxmayaraq, oyunçularımız çox peşəkar və soyuqqanlı idilər. Matçın sonlarınadək özlərini düzgün idarə edə bildilər. Bu, çox önəmli idi. İlk və ikinci hissədəki gərginliklər tamam fərqli idi. Hesabda öndə olanda bəzən futbolçu hansısa epizodlarda ehtiyatlı davranmaq istəyir".
 
Qurbanov vacib qarşılaşmada dəyərli üç xal qazandıqlarını söyləyib: "Yaxşı oyun sərgilədik və futbolçulardan çox razı qaldım. Rəqibin xalı yox idi və qalib gəlməyi çox istəyirdilər. Evdə oynayan komanda ilk dəqiqələrdən daha sürətli oynaya və təzyiq göstərə bilər. İkinci yarıda rəqibdə boşluqlar daha çox oldu və bundan yaxşı istifadə edə bildik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest