"Qarabağ" Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirdi. Matc.az saytı xəbər verir ki, Azərbaycan çempionu Fransada üz-üzə gəldiyi "Nant"a son dəqiqə qolu ilə məğlub oldu.
 
İlk turda "Frayburq"la Almaniyadakı matçda olduğu kimi, Fransada da üstün performans ortaya qoyan Ağdam təmsilçisi fərdi səhvlərin qurbanı oldu.
 
"Nant" (Fransa) – "Qarabağ" (Azərbaycan) – 2:1
Qollar: Lyudovik Blas, 17, İqnatius Qanaqo, 90+5 - Filip Ozobiç, 56 (pen.)
Nant, "Bojuar" stadionu. Hakimlər: Yakob Kehlet, Lars Hummelqard, Viktor Skitt, Yorgen Burxardt (hamısı Danimarka). VAR hakimləri: Jeroen Manşot, Rob Dieperink (Niderland)
"Nant": 1. Alban Lyafon (k), 3. Andrey Jirotto, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya (17. Mussa Sissoko, 67), 29. Kentin Merlin, 5. Pedro çirivelya (11. Markus Koko, 88), 7. Evann Gessan (27. Moyzes Simon, 67), 8. Samuel Mutussami (14. İqnatius Qanaqo, 78), 10. Lyudovik Blas, 55. Abdul-Kader Bamba (12. Dennis Appya, 67), 31. Mostafa Mohamed
Ehtiyat oyunçular: 16. Remi Deşam, 30. Denis Petriç, 2. Fabio, 4. Nikolya Pallua, 19. Mohamed Açi, 22. Qor Manvelyan
Baş məşqçi: Antuan Kombuare
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov (44. Elvin Cəfərquliyev, 88), 29. Marko Veşoviç (30. Abbas Hüseynov, 88), 2. Qara Qarayev (k) (6. Julio Romao, 79), 7. Riçard Almeyda (8. Marko Yankoviç, 69), 19. Filip Ozobiç (77. Ramil Şeydayev, 69), 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 20. Kadi Borqes
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
 
Qurbanovun heyət, Kombuarenin sistemi dəyişikliyi
"Qarabağ"ın Avropa Liqasındakı son oyunla müqayisədə heyətində 3 dəyişiklik edilmişdi. "Olimpiakos"la Bakıdakı qarşılaşmada ilk dəqiqələrdən meydanda olan Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Ramil Şeydayev bu dəfə kənarda qalmışdı. Premyer Liqanın ötən turunda "Turan Tovuz"la görüşdə zədələnən Bədavi, ümumiyyətlə, iştirak ərizəsinə salınmamışdısa, digər iki oyunçu ehtiyatda vaxtını gözləyirdi. Bu, müdafiənin mərkəzində əla cütlüyə çevrilən Bədavi - Bəhlul Mustafazadə tandeminin də dəyişməsinə səbəb olmuşdu. Fransada Bəhlulun yanında zədədən qayıdan və yavaş-yavaş formaya düşən Kevin Medina yer almışdı. Elvinin yerində Toral Bayramovun start heyətində meydana çıxması ciddi dəyişiklik sayılmırdı. çünki milli üzvləri, onsuz da, mövsümboyu tez-tez yerdəyişmələr edirlər. Şeydayevin əvəzinə Filip Ozobiçin oynaması isə ən çox Kadi Borqesin işinə yaramışdı. çünki braziliyalı sevimli sağ vinger mövqeyinə çəkilmişdi. Ozobiç də pleymeyker kimi irəlidəki "üçlüy"ü topla təmin etməkdə cavabdehlik daşıyırdı.
 
"Nant"ın baş məşqçisi Antuan Kombuare isə nəinki heyəti, ümumiyyətlə, taktiki sxemi dəyişmişdi. çalışdırıcı mövsümün əvvəllərində yararlandığı 5-li müdafiə sisteminin yararsız olduğunu artıq başa düşüb. "Nant" son matçlarda olduğu kimi, bu dəfə də 4-5-1-lə meydana çıxmışdı. Heyətdə tez-tez kiçik kosmetik dəyişikliklər edən Kombuare "Qarabağ"la qarşılaşmada da buna əl atmışdı. Xüsusən də, Nikolya Pallua, Fabio, Moyzes Simon və Mussa Sissokonun ehtiyatdan başlaması diqqətçəkən məqam idi.
 
Revanş arzusu ilə yanan "Nant"
Qarşılaşma hər iki tərəf üçün xüsusi önəm daşıyırdı. Fransızlar həm Bakıdakı biabırçı məğlubiyyətin revanşını almaq, həm də növbəti mərhələ şansını davam etdirmək arzusunda idilər. Futbolçuların müsahibələrindən də hiss olunurdu ki, ilk matçıdakı 0:3 hesabı onlara pis təsir edib, qisas üçün alışıb-yanırlar. "Qarabağ"ı isə pley-offa vəsiqənin təmini üçün Nantda 1 xal da qane edirdi. Ancaq təbii ki, heç-heçə üçün meydana çıxmaq uğursuzluğa yol aça bilərdi. Bu üzdən Qurban Qurbanov və yetirmələri səfərə yalnız qələbə istəyi ilə yollanmışdı.
 
Şahruddin yenə "səhnədə"
"Nant"a qələbə daha çox lazım olduğundan, ev sahiblərinin hücuma aludə olması gözlənilirdi. Hakimin start fiti ilə irəli atılan fransızların ön xətdə pressinqli oyunu cəmi 2-3 dəqiqə çəkdi. Start həyəcanını üzərindən atmaqda çətinlik çəkməyən "Qarabağ" tezliklə nəzarəti tam ələ keçirdi. Meydanın hər tərəfində top çevirən futbolçularımız rəqibin müdafiəsində boşluq axtarmaqla məşğul idi. Bu boşluğu 8-ci dəqiqədə Kvaben Ovusu tapdı. Ancaq qanalı forvardın uzun məsafə qət etdikdən sonra fərqlənməsinə qapıçı imkan vermədi və müdafiəçilərini sığortaladı.
 
Getdikcə təzyiqi artıran "Qarabağ" tez-tez qapıçıya həyəcan yaşatmağı bacarırdı. Di gəl ki, Lyafon çərçivədə etibarlı oyunu ilə komandasının imdadına yetişirdi. Hər şey Azərbaycan çempionunun istədiyi məcrada gedirdi ki, Lyafonun "Qarabağ"dakı həmkarı Şahruddin Məhəmmədəliyev növbəti "bombasını partlatdı". Milli komandamızın qolkiperi ötürmə zamanı adi epizodda topu "Nant"ın oyunçusuna hədiyyə etdi. Rəqib isə bu imkanı qaçıra bilməzdi. Halbuki o ana qədər Şahruddinə top yalnız müdafiəçilər geri ötürmə verərkən gəlirdi.
 
Biri qapıda, biri hücumda...
Oyunlarda ara-sıra "canlı bomba" effekti verən Məhəmmədəliyevin şəxsi "canfəşanlığı" ilə buraxdığı yersiz qol "Qarabağ"da şok effekti verdi. Buna qədər oyun təkqapıya gedirdisə, artıq ağdamlılar heç cür toparlana bilmirdilər. Qolun psixoloji təsirindən çıxmağın asan olmayacağı hiss olunurdu. "Nant" futbolçuları artıq daha rahat müdafiə olunur, topa sahib olduğu zaman da çox adamla irəli atılmağa risk etmirdi. Şahruddinin bir səhvi ilə dəyişən matçın axarı fasiləyə qədər ev sahiblərinin istədiyi məcrada keçdi. Məhəmmədəliyevin geridəki səhvlərini Ovusu da irəlidə təkrarlamaqla məşğul olurdu. O, əlinə düşən imkanları, xüsusən də, rəqib müdafiəçisindən gələn hədiyyəni geri çevirirdi. "Qarabağ"ın hücumunda yalnız Abdullah Zubir fəallığı ilə seçilidi. Toralın da geridən tez-tez dəstək verməsi fransalının əl-qolunu açırdı. Onunla müqayisədə əks cinahda Kadi Borqesin varlığı ilə yoxluğu hiss olunmurdu. "Sambaçı" heç cür oyuna qoşula bilmirdi. Bu da daha kəsərli hücumlar qurmağa mane olurdu. Marko Veşoviç sağ cinahda onun da yerinə mübarizə aparmaqla məşğul idi.
 
Fayda verməyən həmlələr
Əslində ikinci hissənin əvvəllərindəki ssenari də ilk yarının sonlarındakı kimi idi. Bu dəfə isə səhv etmək növbəsi ev sahiblərinə çatdı. Bundan lazımınca yararlanan Ozobiç penalti qazandı və bunu da özü dəqiq yerinə yetirdi. Bu qol "Qarabağ"ın özünə gəlməsi üçün çox lazım idi. Az sonra Şahruddin elə bir zərbəni dəf etdi ki, bir növ buraxdığı qoldakı səhvini yudu. Azarkeşlər artıq daha sürətli mübarizəyə şahidlik edirdilər. Top gah bu, gah da digər qapı qarşısında görünürdü. Azərbaycan çempionunun həmlələri daha təhlükəli alınırdı. Matçın ən zəiflərindən olan Kadi hətta bu vəziyyətdə də fərqlənə bilərdi. Bəxtsizlikdən onun standart vəziyyətdən qüvvətli zərbəsi qapı dirəyinə tuş gəldi.
 
Oyunun əldən gedəcəyini vaxtında hiss edən Antuan Kombuare birdən-birə üç əvəzləməyə əl atdı. Ancaq Qurban Qurbanovun cavab həmləsi də özünü çox gözlətmədi. Marko Yankoviç orta sahədə, Ramil Şeydayev isə hücumda dinamikliyi artırmalı idi. Bu əvəzləmələrdən sonra Kadi yenidən pleymeyker mövqeyinə çəkildi. Yenə də oyuna nəzarət tam "Qarabağ"ın tərəfində idi. Qələbəyə daha çox ehtiyac duyan "Nant" futbolçuları əsasən müdafiə olunmaqla məşğul idi. Fransızlar hücuma atıldığı anlarda orta sahədə ciddi boşluqlar verirdilər. Bu isə ağdamlılara kifayət qədər geniş imkanlar yaradırdı. Lakin hücumçuların irəlidə bir-birlərinə ötürmələrində dəqiqlik çatmırdı.
 
Son dəqiqə şoku
Qarşılaşmanın sonlarında meydan sahibləri oyundan tam qopmuşdular. Fransa təmsilçisində futbolçuların fiziki cəhətdən çökdükləri hiss olunurdu. "Nant" nə düz əməlli  müdafiə olunur, nə də hücum qura bilirdi. "Qarabağ" isə hücumda bir qədər səliqəli oynasaydı, qələbə topunu mütləq vurardı. Ancaq nədənsə ön xətt oyunçuları gözlənilən performansı göstərə bilmirdilər. Bu isə komandaya baha başa gəldi. Yalnız əlavə olunmuş dəqiqələrdə özündə güc toplayaraq bütünlüklə hücuma atılan və qol axtarışına çıxan "Nant"ın cəmi bir neçə dəqiqəlik pressinqi bəhrə verdi. Təəssüf ki, "Qarabağ" yalnız son dəqiqələrdə nəzarəti əldən verdiyi matçdan məğlub ayrıldı.
 
Bu yenilgi Azərbaycan çempionunun qrup ikinciliyini riskə atdı. Ancaq yenə də hər şey təmsilçimizin öz əlindədir. "Qarabağ"ın son turda birinci yeri təmin edən "Frayburq"u Bakıda (3 noyabr) məğlub etməsi növbəti tarix yazmaq üçün kifayət edəcək. Bunun üçün isə Fransadakı performansdan daha artığı və daha böyük diqqət tələb olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest