İrlandiya Futbol Assosiasiyasının icraçı direktoru Devid Kurell bildirib ki, UEFA təşkilatın növbəti püşkatmalarda İrlandiya və İsrail yığmalarını ayırmaq barədə xahişini rədd edib.
Matc.az xəbər verir ki, bu barədə BBC nəşri məlumat yayıb.
Funksionerin sözlərinə görə, Avropa Futbol Assosiasiyaları İttifaqı İrlandiya assosiasiyasının xahişini təmin etməkdən imtina edib, çünki onun iddiasına görə, bunun üçün heç bir əsas yoxdur. İrlandiya və İsrail hərbi münaqişə vəziyyətində deyillər, UEFA isə ictimai əhval-ruhiyyəni yığmaların ayrılması üçün səbəb kimi təsnif etmir.
"Cavab olduqca aydın idi. Onların bunun üçün rəsmi termini var, tam olaraq necə adlandığını xatırlamıram, qarşı-qarşıya gəlməməli olanların siyahısı və ya buna bənzər bir şey. Əslində bu, ictimai əhval-ruhiyyəyə deyil, münaqişələrə, birbaşa münaqişələrə əsaslanır.
Aldığım cavab çox aydın idi. Bu, qeyri-mümkün olardı, çünki İrlandiya və İsrail heç vaxt birbaşa münaqişədə olmayıblar. Mən bu cavabı olduğu kimi qəbul etdim".
Kurell xatırladıb ki, İrlandiya Futbol Assosiasiyası UEFA üzvləri arasında İsrail təmsilçilərinin bütün beynəlxalq yarışlardan kənarlaşdırılması üçün rəsmi olaraq Avropanın ali futbol qurumuna çağırış edən yeganə təşkilatdır.
"Biz bu vəziyyətə düşməməyi üstün tutardıq. Biz açıq və rəsmi şəkildə İsrailin beynəlxalq futboldan kənarlaşdırılmasına çağırmışıq. UEFA-da bunu rəsmi şəkildə edən yeganə federasiya, yəni 55-dən biri idik.
Lakin institusional səviyyədə bu, hələ baş verməyib. Ona görə də qərar İrlandiya Futbol Assosiasiyasının ixtiyarında qalırdı və biz məhz indi oyunçularımıza dəstəyimizi və müdafiəmizi nümayiş etdirmək istəyirdik, çünki bu qərar assosiasiyanın idarə heyəti tərəfindən qəbul edilmişdi".
İrlandiya Millətlər Liqasının B divizionu çərçivəsində İsrail ilə iki dəfə qarşılaşmalıdır - sentyabrın 27-də səfər matçı, oktyabrın 4-də isə ev oyunu baş tutacaq (hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq).
Qeyd edək ki, İrlandiya kütləvi etirazlar səbəbindən öz ev oyununun keçiriləcəyi yer olaraq Serbiyanın Baçka-Topola şəhərini seçib. Oyun azarkeşsiz keçiriləcək.
Eyni zamanda, irlandiyalı azarkeşlər Macarıstanın Debretsen şəhərində keçiriləcək İsrail yığmasına qarşı səfər oyununa bilet ala bilməyəcəklər.
Bir qədər əvvəl İrlandiyada "Fələstin üçün İrlandiya İdmanı" adlı ictimai təşəbbüs yaranıb. Onun məqsədi Fələstinlə həmrəylik əlaməti olaraq İsrailin beynəlxalq arenadan kənarlaşdırılmasına nail olmaqdır.
Xatırladaq ki, bir müddət əvvəl İsrail yığmasının tarixinin ən yaxşı bombardiri Eran Zahavi karyerasını başa vurub.













