"Sabah"ın ispaniyalı müdafiəçisi Con İrasabalın matc.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 16-cı turunda "Şamaxı" ilə gözlənilmədən 1:1 hesablı heç-heçə etdiniz. Qələbə qazanmaq üçün nə çatmadı?
- Görüş bizim üçün elə də yaxşı keçmədi. Rəqib boşluq vermirdi. Belədə istədiyimiz oyunu sərgiləməkdə çətinlik çəkirdik. Bundan əlavə, əvvəlki matçlardakı kimi rəqibə yüksək təzyiq göstərə bilmədik. Buna baxmayaraq, meydanda üstün tərəf biz idik. çoxlu qol fürsətlərimiz olsa da, yararlana bilmədik.

- Bəlkə arxayınlığın bu nəticəyə təsiri oldu?
- Arxayın deyildik. Lakin bu matç göstərdi ki, hər oyunda maksimumu ortaya qoymalıyıq. Ən yüksək səviyyəli çıxışımızı sərgiləməsək, xal itkiləri qaçılmaz olacaq.

- Düşünmürsünüz ki, autsayderlə oyunda xal itkisinə görə sonda "dizinizi döyə" bilərsiniz?
- Əlbəttə, bu görüşdə qalib gələrək "Qarabağ"la xal fərqini azalda bilərdik. Lakin biz turnir cədvəlinə baxmırıq. Daha çox hər növbəti oyunumuza köklənirik. Mövsümün sonunda çempionat ərzində keçirdiyimiz matçların nəticəsini görəcəyik.

- Bu ay çempionat və kubokdakı 4 oyundan 3-nü səfərdə keçirəcəksiniz. Premyer Liqada Gəncə və Sumqayıt, ölkə kubokunda isə "Səbail" səfərindən itkisiz dönmək çətin olmayacaq?
- çətin oyunlar olacaq. Kubok oyunundan sonra daha sıx qrafiklə oynamalı olacağıq. Lakin vəziyyətə uyğunlaşıb, bu matçlardan yaxşı nəticə ilə ayrılmalıyıq.

- Azərbaycan kubokunun 1/4 final mərhələsində "Səbail"i keçsəniz, yarımfinalda "Qarabağ" – "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaqsınız. Kubokda hədəfiniz nədi?
- Kuboku qazanmaq istəyirsənsə, hansı rəqiblə qarşılaşmağın elə bir əhəmiyyəti olmamalıdı. Əlimizdən gələni edəcəyik ki, kubokda maksimum nəticəyə imza ataq.

- "Sabah"dakı şəxsi performansınızdan razısınız?
- Fikrimcə, komandaya tam uyğunlaşmışam. Bu prosesi tez başa vurdum. Lakin düşünürəm ki, komandaya daha yaxşı kömək etmək üçün hələ də təkmilləşdirməli olduğum şeylər var. Bunun da üzərində çalışıram.

- İlk dəfə İspaniyadan kənarda çıxış edirsiniz. Azərbaycanda ən çox nədə çətinlik çəkirsiniz?
- Bayaq da dediyim kimi, ölkəyə, kluba tez uyğunlaşdım. Əlbəttə, ilk dəfə ölkə xaricində çıxış etməyin öz çətinlikləri var. Amma sırf fərqlərə gəldikdə, İspaniyada və burada oyunun tempinin fərqli olduğunu deyə bilərəm. Bundan əlavə, İspaniya liqalarında adətən 20 komanda çıxış edir ki, gözlənilməz nəticələrlə daha çox rastlaşırıq.

- İspaniya yığması Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Mərakeşə məğlub olaraq mübarizəni dayandırdı. Yığmanızdan gözləntiniz nə idi?
- Məncə, Kosta-Rikaya qarşı keçirilən ilk oyundakı 7:0 hesablı qələbə bir qədər aldadıcı oldu. Buna baxmayaraq, komanda güclü idi. Həlledici anlarda komandanın oyuna nə dərəcədə nəzarət edə bilməsi vacib məqam idi. Təəssüf ki, Mərakeşlə görüşdə bunu tam şəkildə görə bilmədik.

- Bəs dünya çempionatında favoritiniz hansı komandadı?
- Fikrimcə, Fransa millisi dünya kubokunu qazanmağa əsas namizədlərdəndi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest