"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qapıçı axtarışlarını davam etdirdiklərini açıqlayıb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis "CBC Sport" kanalına açıqlamasında transfer pəncərəsinin son gününə kimi bir oyunçu heyətə qatmağa çalışacaqlarını söyləyib:
 
"Əlavə bir oyunçu ilə danışıqlar gedir. Buna qədər 3 transfer etmişik. Əgər alınarsa, bir meydan oyunçusu almaq istəyərik. Bu alınmadığı halda, daha çox qapıçılarla aktiv danışıqlar gedir. Təəsüf ki, hələ tam istədiyimiz irəliləyiş yoxdur. Sona qədər danışıqlarımız davam edəcək".
 
Qurbanov rusiyalı qolkiper Andrey Lunyovla danışıqların uğursuz nəticələnməsinin səbəbini də bildirib: "Onun üzərinə çox ciddi düşmüşdük. Sonda bəzi məlumatlar çıxdı və danışığımızı dayandırdıq. Siyahı həddən artıq genişdir. Yeni qapıçı gətirmək üçün hər yöndə fəallıq göstəririk. Yenə də qarşıdakı günləri gözləyəcəyik".
 
Baş məşqçi yeni transferlərdən Yassin Benzianın Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə oyuna qədər hazır olmama ehtimalını istisna etməyib: "Gent"lə oyuna kimi yeni gələnlərdən minimum ikisi bəlkə tam bizim istədiyimiz kimi hazır olacaq. Yassin Benzia bizimlə hazırlığa gec başladı. Onun hazırlıq səviyyəsi digərlərindən aşağıdır. Qarşıda hələ vaxtımız var. "Gent"lə matça kimi hər şey bilinəcək".
 
Qeyd edək ki, "Qarabağ"la "Gent" arasında oyunlar fevralın 16-da və 23-də keçiriləcək.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest