Fransa milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Türkiyə yığmasının qonağı olub. Gərgin keçən qarşılaşma fransızların 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb.
Matc.az xəbər verir ki, görüşün yeganə qoluna 54-cü dəqiqədə Kilian Mbappe imza atıb.
Lakin ulduz hücumçu qoldan bir qədər sonra zədələnərək oyunu davam etdirə bilməyib. Kapitan sol dizində yaranan problem səbəbindən 59-cu dəqiqədə Dezire Due ilə əvəzlənib.
Fransa yığmasının baş məşqçisi Zinəddin Zidan rəsmi debüt matçından sonra təşkil olunan mətbuat konfransında Kilian Mbappenin durumuna aydınlıq gətirib:
"Mbappenin zədələnməsinə görə çox təəssüf edirəm. Onun zədəsinin nə dərəcədə ciddi olduğu növbəti dövrdə aparılacaq müayinələrdən sonra dəqiqləşəcək. Lakin hazırda o, Fransa milli komandasının düşərgəsini tərk etmək məcburiyyətindədir".













