"Mançester Siti" futbol klubu İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda demək olar ki, bütün ittihamlar üzrə təqsirli bilinib.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, 2020-ci ildən bəri aparılan araşdırma komandanın 2009-2018-ci illər aralığındakı mümkün qayda pozuntularını əhatə edib. "Mançester Siti"yə qarşı ümumilikdə 115 bənddən ibarət ittiham irəli sürülüb və hazırda müstəqil komissiya klubu bu ittihamlardan 114-ü üzrə təqsirli qəbul edib.
Klubun turnir təşkilatçısı tərəfindən hansı cəzaya məruz qalacağı isə hələlik məlum deyil. Sanksiyalar arasında maliyyə cərimələrindən tutmuş, xalların silinməsi və ya daha aşağı diviziona göndərilməyə qədər müxtəlif variantlar masadadır.
Böyük ehtimalla, "Mançester Siti" yekun qərardan apellyasiya şikayəti verəcək. Çünki prosesin başladığı ilk gündən etibarən klub rəhbərliyi öz ünvanına yönələn bütün ittihamları qəti şəkildə rədd edirdi.
Xatırladaq ki, ötən ilin sentyabrında "Mançester Siti" İngiltərə Premyer Liqası ilə aralarındakı mübahisəni tənzimləmişdi.













