"Neftçi" Azərbaycan çempionatları tarixində 1500-cü qolunu vurub. Matc.az saytı xəbər verir ki, "ağ-qaralar" bunu Misli Premyer Liqasının 25-ci turunda "Turan Tovuz"la görüşdə reallaşdırıb.
 
"Flaqman" bu matça qədər ümumilikdə 1496 dəfə rəqib qapılarına yol tapmışdı. "Turan Tovuz" üzərində 4:0 hesablı qələbə zamanı son qol həm də 1500-cü qol kimi əlamətdar olub. Yubiley qoluna kapitan Emin Mahmudov imza atıb.
 
1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından olan "Neftçi"yə 1500 qola çatmaq üçün 878 oyun kifayət edib. Qol sayında rekordçu olan paytaxt təmsilçisi orta hesabla hər matçda 1,71 qol vurub. İkinci pillədəki "Qarabağ"ın isə aktivində 1401 top var.
 
Qeyd edək ki, "Neftçi" tarixinin ilk qolunu 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə oyunda Yunis Hüseynov vurub. Aleksey Stukas 1999-cu ildə "Kəpəz"lə oyunda 500-cü, Araz Abdullayev isə 2011-ci ildə "Simurq"la qarşılaşmada 1000-ci qolun müəllifi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest