Misli Premyer Liqasının XXIV turunda "Neftçi" səfərdə "Turan Tovuz" üzərində qələbə qazanıb.

Matc.az xəbər verir ki, oyundan sonra paytaxt təmsilçisinin futbolçusu Emin Mahmudov açıqlama verib.

- "Turan Tovuz"la Tovuzdakı görüşlər çətin keçir. Amma siz qalib gəlməyi bacardınız. Oyun sizin üçün necə alındı?

Burada qalib gəlmək çox çətin olur. "Turan Tovuz"un standart vəziyyətləri çox təhlükəlidir. Bu da bizə böyük problemlər yaratdı. Elə bu vəziyyətdən də bizə qol vurdular. Amma yenə də çalışırdıq ki, daha çox top saxlayaq ki, rəqib bizə təzyiq etməsin. Düzdür, çox top itirirdik, amma yenə də istəyirdik ki, top saxlayaq. Bəlkə də ona görə də uğurlu alındı.

- "Turan Tovuz"un mövsüm ərzində məğlub edə bilmədiyi yeganə komanda "Neftçi" oldu..

"Turan Tovuz"u bilmirəm, amma bizim öz problemimiz böyükdür. Çox problem yaşadıq. Bu sezon bizim üçün uğursuz oldu. Bilmirəm nəyə görə belə oldu. Amma biz çalışmalıyıq ki, daha yaxşı olaq.

- Qarşıda iki tur var. "Neftçi"nin motivasiyası nə olacaq?

Onsuz da, "Turan Tovuz"la oyundan qabaq da avrokubok şansımızı itirmişdik. Amma yenə də meydana çıxaraq "Neftçi" adına layiqli oyun göstərməliyik. Bunun üçün çalışırıq.

- "Neftçi" böyük büdcəyə malik komandadır. Nə çatmadı ki, avrokuboklara düşə bilmədiz?

Pis oynadıq. Ona görə də yaxşı nəticələr olmadı.

- Müqavilən 2+1 illik idi. 2 il başa çatır. "Neftçi"də qalacaqsan?

O barədə klub tərəfdən açıqlama olmalıdır.

- Qərarı klub verməlidir, yoxsa futbolçu?

O avtomatikdir. Ona görə də onu da klub açıqlama verməlidir.

- Qarşıda kubokun final matçı var. Təcrübəli və millinin üzvü kimi, sizi mübarizədən kənarlaşdıran "Sabah" və əzəli rəqib "Qarabağ" qarşılaşacaq. Hansına azarkeşlik edəcəksiz?

- Mən o oyuna baxmayacam. Çünki uduzduğumuz o oyundan sonra başqa futbola baxmaq istəmirəm.

- Samir Abasov oyun bitən kimi səndən formanı istəyib, azarkeşə verdi. O anda bir anlıq təəccüb keçirdin ki, Samir Abasov formanı nə edir?

- Xeyr. Bildim və dedi ki, formanı bir nəfərə hədiyyə vermək istəyir. Şəhid övladına hədiyyə edildi. Daha yaxşı oldu.

- Azarkeşlər Tovuz səfərinə gəlməmişdi. Deyəsən küsüblər. Onlarla kommunikasiyanı necə bərpa etmək olar?

- Yaxşı oyunla. Gələn sezon yaxşı oyun keçirsək, gələrlər.

- Azarkeşlərə yeni sezon üçün sözün var?

- İnanıram ki, 100 faiz bundan yaxşı olacaq. Daha yaxşı mövsüm keçirib, onları sevindirərik. Bunun üçün əlimizdən gələni edəcəyik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest