AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla keçirilən oyun Belçika yığmasının hücumçusu Romelu Lukaku üçün əlamətdar olub. Matc.az xəbər verir ki, komandasının 5:0 hesablı qələbəsinə pokerlə töhfə verən ulduz futbolçu tarixi rekorda imza atıb.
 
O, seçmə mərhələni 14 qolla başa vurmağı bacarıb. Bununla Lukaku bir tsikldə ən çox qol vuran oyunçu ünvanına yiyələnib. Belçikalıya qədər rekord şimali irlandiyalı Devid Hili (AVRO-2008) və polşalı Robert Levandovskiyə (AVRO-2016) məxsus idi. Onlar bir seçmə mərhələdə rəqib qapılarından 13 top keçirmişdilər.
 
Belçika yığmasında ümumi qol sayını 83-ə çatdıran Lukaku həm də avropalılar arasında ən məhsuldar üçüncü yığma oyunçusu olub. O, Polşa yığmasında 81 dəfə fərqlənən Robert Levandovskini geridə qoyub.
 
Bu baxımdan rekordçu Portuqaliya yığmasında 128 qol vuran Kriştiano Ronaldodu. İkinci pillədəki Ferens Puşkar yığma Macarıstan və İspaniya millilərində ümumilikdə 84 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest