Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, yarışın 3-cü günündə qadın güləşçilər mübarizəyə qoşulub.
Təmsilçilərimiz 50, 59, 68 və 76 kq çəki dərəcələrində döşək üzərinə çıxıblar. 4 güləşçimizdən üçü bürünc medal şansını qoruyub.
50 kq
Türkan Nəsirova turnirə 1/4 final mərhələsindən start verib. Lakin yığmamızın üzvü ilk rəqibi olan ukraynalı Oksana Livaça 8:10 hesabı ilə yenilib. Nəsirova sabah bürünc medal uğrunda Evin Demirhanla (Türkiyə) qarşılaşacaq.
59 kq
Elmira Qəmbərova da qitə birinciliyinə 1/4 finaldan başlıb. Nəsirova kimi, o da ilk duelindəcə uduzub. Qəmbərova rusiyalı Svetlana Lipatova ilə bacarmayıb - 2:4. Elmira da bürünc şansını qoruyur. İdmançımız fəxri kürsüyə çıxmaq üçün sabah ukraynalı Angelina Lisakı məğlub etməlidi.
68 kq
Legionerimiz İrina Netreba ilk olaraq təsnifat mərhələsində çıxış edib. Netrebanın belruslu Yevgeniya Andreyçikava ilə görüşü gərgin alınıb. Hesab 1:1 yekunlaşsa da, üstünlük Azərbaycan idmançısına verilib. Netrebanın 1/4 finalda Sofiya Xristova Georgiyeva ilə görüşü də olduqca çətin alınıb. Yekunda 3:2 hesablı qələbəyə sevinən güləşçimiz adını yarımfinala yazdırıb. Lakin onun final yolunu Alla çerkasova kəsib. Ukraynalıya vaxtından tez məğlub olan (0:11) xanım güləşçimiz sabah bürünc medal üçün döşəyə çıxacaq. Onun rəqibi təsəlliverici görüşdəki Aqnieşka Kordus (Polşa) - Anna Fransson (İsveç) cütlüyünün qalibi olacaq.
76 kq
Səbirə Əliyeva isə Aç-yə 1/8 final mərhələsindən start verib. O, Natalya Lanko (Belarus) ilə dueldən qalib ayrılmağı bacarıb - 5:0. Lakin güləşçimiz 1/4 finalda macar Zanett Nemetə məğlub olaraq (1:7) mübarizəni dayandırıb.
***
Dünən yarışa start verən və medal qazanmaq şanslarını qoruyan kişi güləşçilərimiz həlledici görüşlərini keçiriblər. Hacımurad Hacıyev və Murad Süleymanov bürünc arzusunu reallaşdıra bilməyib. Şərif Şərifov isə qızıl medal qazanıb.
74 kq
Hacımurad Hacıyev bu gün bürünc medal uğrunda yarışıb. Lakin o, rusiyalı Timur Bijoyevə uduzaraq (4:6) bundan məhrum olub.
86 kq
Murad Süleymanov da üçüncülük uğrunda mübarizə aparıb. Ancaq pəhləvanımız Əli Şabanova (Belarus) heç bir müqavimət göstərə bilməyib - 2:11.
92 kq
Avropa çempionatında növbəti qızıl medal ümidimiz Şərif Şərifov komandamıza çempionluğu yaşadıb. O, finalda polşalı Zbiqnev Baranovskidən üstün olub - 9:1.
Qeyd edək ki, ilk iki gündə sərbəst güləş üzrə yığma komandamız 5 medal qazanıb. Hacı Əliyev (65) və Cəbrayıl Həsənov (79 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Nurməhəmməd Hacıyevlə (97 kq) Mahir Əmiraslanov (57 kq) isə bürünc mükafata yiyələnib.