Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan sərbəst güləş üzrə yığmamız gecə saatlarında Vətənə qayıdıb. Matc.az saytı xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təşkil edilən brifinqdə milli üzvləri turnirlə bağlı fikirlərini bildiriblər.
öz çəki dərəcələrində Avropa çempionu olan Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (92 kq) da təəssüratlarını bölüşüb.
Həsənov bununla tilsimi qırdığını bildirib: "Son illərdə Olimpiada, dünya və Avropa çempionatlarında 2-3-cü yerləri tutsam da, çempion ola bilmirdim. Bu dəfə yalnız və yalnız titulu hədəfləmişdim. Yarışa yaxşı hazırlaşmışdıq. Federasiya rəhbərliyi yüksək səviyyədə təlim-məşq toplanışı keçməyimiz üçün hər cür şərait yaratmışdı. Şükürlər olsun ki, biz də ümidləri doğrultduq".
Şərif Şərifov isə bundan sonra dünya çempionatına hazırlaşacağını vurğulayıb: "2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında debüt etmişdim. 4-cü cəhdimdə qızıl medal qazana bildim. Bütün məşqçilərimizə minnətdarlığımı bildirirəm ki, Avropa çempionatına yüksək formada yollanmağımız üçün əllərindən gələni etdilər. Bir müddət istirahət etdikdən sonra növbəti yarışlar, o cümlədən dünya çempionatına hazırlıq barədə fikirləşəcəyik".