"Komandamızın liderləri - kapitan Cəbrayıl Həsənov və Hacı Əliyev 3-cü dəfə Avropa çempionu oldu. Şərif Şərifov isə dünya çempionatı və Olimpiadadan sonra qitə birinciliyində də "qızıl" qazanaraq medal kolleksiyasını tamamladı".
"Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Vəziyyəti, lisenziya qazanmaq şanslarını təhlil etmişdik". Matc.az saytı xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Saypulla Absaidov deyib.
Yığmamız Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.
Turnirlə bağlı fikirlərini bildirən çalışdırıcı komandadan razı qaldığını bildirib: "Komandamızın liderləri - kapitan Cəbrayıl Həsənov və Hacı Əliyev 3-cü dəfə Avropa çempionu oldu. Şərif Şərifov isə dünya çempionatı və Olimpiadadan sonra qitə birinciliyində də "qızıl" qazanaraq medal kolleksiyasını tamamladı. Ağahüseyn Mustafayev çempionluğun bir addımlığında qaldı. Gənc güləşçilər də yaxşı çıxış etdi. Xüsusən də, Mahir Əmiraslanov əla güləşdi. Nurməhəmməd Hacıyev də yarışdan yarışa "artırır". Dünya çempionatınadək daha da güclənəcək. Yaxşı hazırlıq keçmək üçün əlverişli şərait yaradan, bütün problemlərimizi həll etməyə çalışan federasiyamızın rəhbəri Namiq Əliyevə, daim yanımızda olan və dəstəyini əsirgəməyən vitse-prezident Firdovsi Umudova təşəkkür edirəm. İnşallah, hər şey bundan sonra da yaxşı olar".