Sabah və birigün çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Matc.az saytının məlumatına görə, bu qarşılaşmalardan sonra yarımfinalçılar müəyyənləşəcək.

Hollandiyada "Ayaks"la qollu bərabərə qalan (1:1) "Yuventus" bu dəfə Turində rəqibi qəbul edəcək. "Qoca sinyora"nın baş məşqçisi Massimiliano Alleqri amsterdamlılardan çəkindiklərini etiraf edib: "Ayaks" həmişə eyni formada, yaxşı oynayır. Onlar üçün evdə və ya səfərdə oynamağın fərqi yoxdu. Bu isə o deməkdi ki, düzgün qərarlar verməli və rəqibə hörmətlə yanaşmalıyıq. Təsirli bir komandaya qarşı çətin görüş olacaq. O ki qaldı İtaliya çempionluğuna, biz bu hədəfə, demək olar ki, çatmışıq".

"Old Trafford"da "Barselona"ya məğlub olan (0:1) "Mançester Yunayted" sabah "Nou Kamp"da İspaniya klubunun qonağı olacaq. "Qırmızı şeytanlar"ın hücumçusu Romelu Lukaku bu yenilginin əvəzini səfərdə çıxacaqlarına inanır: "Barselona" kimi komandaya qarşı əldə edilən hər qol fürsətini dəyərləndirmək lazımdı. ürəklə oynamalı və inanmalıyıq. Oyun səviyyəmizi artırmaq və topla düzgün rəftar etmək vacibdi. Əgər bunu bacarsaq, futbolda hər şeyə nail olmaq mümkündü".

"Mançester Yunayted"in digər forvardı Markus Reşford isə rəqibi tərifləyib. O, 1/8 finalda məğlub etdikləri PSJ ilə hazırkı rəqibi müqayisə edib: "öz gücümüzə güvənirik. Ancaq aşa düşürük ki, "Barselona" PSJ deyil. Bu, fərqli oyun və fərqli səviyyədi. İndi qələbə qazanmağın yollarını tapmalıyıq".

"Mançester Siti" isə Londonda uduzduğu (0:1) "Tottenhem"i doğma arenasında qəbul edəcək. "Şəhərlilər"in müdafiəçisi Vensan Kompani həm Premyer Liqa, həm də çempionlar Liqasında bütün oyunlarda qələbəni hədəflədiklərini vurğulayıb: "Mövsümün sonuna qədər qeyri-adi "şəhərlilər"i hamı görəcək. Artıq məğlub olmaq limitimiz qalmayıb. Bundan sonrakı bütün matçlarda qalib gəlməliyik. Yaxşı hazırlaşmaq, istirahət etmək və meydanda bütün gücümüzü qoymaq vacibdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest