AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyasının prezidenti, Azərbaycanın ən məşhur futbolçularından olmuş İsgəndər Cavadov “Səbail” – “Turan Tovuz” matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
- 20 ildir AFFA-dasız. Sizcə, İsgəndər Cavadov Azərbaycan futboluna nə qazandırdı?
- Çox şeylər eləmək olardı, bizə imkan vermədilər. İcraiyyə Komitəsində lap əvvəldən bir neçə futbol adamı, mən, Kazbek Tuayev, Vaqif Sadıqov, rəhmətlik Ələkbər Məmmədov... Daim Azərbaycan futboluna xeyir verməyə çalışmışıq. Həmişə çalışırdıq ki, uşaq futbolu inkişaf etsin, yerli uşaqlar yetişsinlər. Amma bizdə o səlahiyyət yox idi. Gücümüz çatmırdı, sözümüzü dinləyən yox idi.
- Kim dinləmirdi?
- İcraiyyə Komitəsində oturanlar.
- Amma siz də həmişə susmusunuz. Bu qədər problemi görürdüz, niyə vaxtında qabartmırdız?
- AFFA rəhbərliyindən soruşun da, futbol niyə inkişaf etmir... Ancaq düşürsüz İsgəndər Cavadovun üstünə.
- İsgəndər Cavadov Azərbaycan futbolunun ən üzdə olan simasıdır. Bəs futbolun inkişafını kimdən soruşaq?
- Biz inqilabçıyıq? Həmişə futbolumuzun inkişafını istəmişəm, dəfələrlə iclaslarda mübahisə etmişəm. Rəhmətlik Ramiz Mirzəyevin vaxtından bu yana deyirəm ki, milli komandada yerli məşqçi işləməlidir. Bunun üstündə dava da oldu. 20 ildir deyirəm, indi də o fikirdəyəm. Futbolumzda yerli mütəxəssis çalışmalıdır. Biz hələ o səviyyəyə çatmamışıq ki, əcnəbi məşqçi gətirək. İnfrastruktur qurmalıyıq, yerli gəncləri yetişdirməliyik.
- Qurban Qurbanov milliyə baş məşqçi təyin edilmişdi. Onu dəstəkləmişdiz?
- Bəli.
- Bəs niyə 9 ay sonra getdi?
- Qurban Qurbanovu İcraiyyə Komitəsi istefaya göndərmədi. O, özü getdi.
- Niyə getdi?
- Bilmirəm.
- Futbol camiəsi sizdən, Vaqif Sadıqovdan və Kazbek Tuayevdən çox narazıdır...
- Siz nəyə görə rəhbərlikdən yazıb, danışmırsız?
- Futboldan danışmalı olan həm də sizsiz...
- Elə hamı deyir ki, İsgəndər Cavadov orada oturub, danışmayıb. Mən 20 il AFFA-da danışmışam, vuruşmuşam. Mənim gücüm çatmırdı. İnqilabçı deyiləm. Orada olanda mənə deyirdilər ki, otur yerində...
- Kim deyirdi?
- İcraiyyə Komitəsinin üzvləri. Biz həmişə çalışmışıq ki, düz yolla gedək. Mənim rəhbəri olduğum Şimal Regional Federasiyasına pul vermirdilər ki, iş görüm. Özüm icra başçısına deyib tədbirlər keçirirdim. Keçirdim, sonra mənə bütün yolları bağladılar.
- Aprelin 2-də AFFA-ya yeni rəhbərlik gələcək, gözləntiləriniz nədir?
- Rövnəq Abdullayev yaxşı rəhbər olub. Amma bəzi şeylər var ki, indi burada onları danışa bilmirəm. İclaslarda baş verənləri çölə çıxara bilmirdik. Hamı da düşüb üstümüzə ki, İsgəndər Cavadov, Kazbek Tuayev, Vaqif Sadıqov susub...
- Vaxtında etiraz etsəydiz, bəlkə konkret dəyişikliyə nail olmuşduq...
- Siz də bizi müdafiə etmirsiz. Bir şey olan kimi deyirlər ki, savadsızdırlar. Savadsız olsaydım, mən "Dinamo"da (Moskva) oynamazdım. Savadsız futbolçu ola bilməz. Futbol üçün baş lazımdır. Orada oturanda da həmişə rəhbərlərə sözümü demişəm. İcraiyyə Komitəsində yer alan 13 nəfərdən biz 5 nəfər həmişə etiraz etmişik. Sadəcə, gücümüz çatmırdı. Səsvermə olurdu, uduzurduq.
- Müdafiə etmək necə olur? Media sizə həmişə tribuna verib, amma danışmaq istəməmisiz. Bizim dəstəyimiz ancaq sizin mövqeyinizi işıqlandırmaq ola bilər, bunu da hər zaman etmişik...
- Nə vaxt tribuna vermisiz?
- Çox olub. O qədər axtarmışıq sizi, dəfələrlə yaxınlaşmışıq, zəng etmişik, danışmamısız...
- Danışmaq istəmirdim, nə danışım? Mənim haqqımda başqası çox söz deyə bilər. Amma mən həmişə rəhbərlərə sözümü demişəm.
- Milli komandalara bu qədər əcnəbi məşqçi gətirildi. Konkret olaraq etiraz edirdiz?
- Bəli. Komandada 15 əcnəbi nəyə lazımdır? Yerli futbolçular nə vaxt inkişaf edəcəklər? Bunlar bizim oyunçulara heç nə öyrətmir. Əvvəllər biz yerli futbolçuların yanında oynayırdıq, yetişirdik. Əcnəbi bizə nə öyrədəcək? Əcnəbini niyə gətirirlər - yerli futbolçuları yetişdirmək, necə oynamaq lazım olduğunu öyrətmək, Azərbaycan futbolunu qaldırmaq və azarkeşləri stadionlara cəlb etmək üçün. Hanı bəs? Bircə klubumuz "Qarabağ"dır ki, Azərbaycan futbolunun reytinqini qaldırır. "Qarabağ"a alternativ klub tapa bilmirlər? Düzəltsinlər də.
- Dediz ki, yeni gələcək AFFA rəhbərliyinin Azərbaycan futboluna xeyir verəcəyinə ümid edirəm. Amma yenə də milli komandaya əcnəbi məşqçi gətirmək istəyirlər...
- Özləri bilər. Mən dedim ki, əcnəbi məşqçi bizə heç nə verməyəcək. Biz o səviyyəyə çatmamışıq ki, xarici işləsin.
- Sizin konkret namizədiniz var, hansı azərbaycanlı məşqçi işləyə bilər millidə?
- Bu gün Qurban Qurbanovdur da.
- Vəssalam?
- Hə.
- Bir Qurban Qurbanovla nə etmək olar?
- Yox, başqalarını da qoymaq olar. Amma bu gün Qurban Qurbanov razılıq versə, biz də onu dəstəkləyərik. Qaldıra bilər, qoy qaldırsın. Onun da məsuliyyəti lap çoxalacaq. "Qarabağ"a rəhbərlik edir. Daha sonra milliyə gəlsə, problemlər yarana bilər. İstənilən halda, qərarını versə, dəstək olacağıq. Layiqli məşqçidir, işləyə bilər. Mən həmişə Azərbaycan futbolunun inkişafını istəmişəm. Bəli, hardasa səhv etmişəm. Ancaq bu o demək deyil ki, İcraiyyə Komitəsində oturub futbolumuza dəstək verməmişəm. 20 ildə həmişə futbolumuza kömək olmağa çalışmışam.