“Yeni mövsümün ilk ev oyununa çıxırıq. Çox təhlükəli komandaya qarşı oynayacağıq. “Makkabi”əla komandadır”.

Matc.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Makkabi” ilə cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis səfərdə 3:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, yenə də rəqibin favorit olduğunu bildirib: “Səfərdəki qələbəyə baxmayaraq, onları cütümüzün favoriti hesab edirəm. Mübarizəmizin birinci mərhələsi bitdi, sabah ikincisi olacaq. İrəliləmək üçün daha da yaxşı oynamalıyıq. Əgər görüşün ilk dəqiqələrindən müdafiə haqda fikirləşsək, bizim üçün pis olar”.

Baş məşqçi futbolçularının eyforiyaya düşəcəyindən qorxmadığını qeyd edib: “Bütün həftə bu barədə komandaya danışmışam. Demişəm ki, eyforiyaya qapıla bilməzsiniz. Karyeramda belə hallar olub. Biz hər şeyi başa düşürük. Bizi çətin oyun gözləyir, amma biz buna hazırıq. Davam etmək üçün hər şey etməliyik”.

Renduliç komandanın sabiq oyunçusu Aleksey Kaşukun Bakıya “Sabah”la danışıq üçün gəlmədiyini də bildirib: “O, bizim maraq dairəmizdə deyil. Bizim başqa işlərimiz var”.

“Sabah”ın çalışdırıcısı Konfrans Liqasındakı hədəfləri haqda sualı da cavablandırıb: “Buludlarda uçmayaq, ayaq üstə möhkəm dayanmalıyıq. İndi əsas odur ki, sabah yaxşı çıxış edək və yalnız bundan sonra növbəti rəqibimiz haqqında düşünəcəyik”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest