“Bakı” klubunun formasını geyinmiş sabiq xorvatiyalı yarımmüdafiəçi Ernad Skuliçin matc.az saytına müsahibəsi
- Ölkəmizdən ayrıldıqdan sonra Azərbaycan futbolunu izləyirsiniz?
- Əlbəttə. Azərbaycan klublarının avrokuboklardakı çıxışını mütləq diqqətdə saxlayıram. İmkan tapan kimi, çempionatdakı nəticələrlə də maraqlanıram. “Qarabağ” artıq neçə ildi ki, uğurlu çıxış edir. Heç bir komanda daxili çempionatda onların önünü kəsə bilmir.
- Azərbaycan çempionatında oynayan həmyerlilərinizi tanıyırsınız?
- Bu barədə elə də məlumatım yoxdu. Etiraf edim ki, hansı klubda hansı xorvatiyalı futbolçunun çıxış etdiyini bilmirəm.
- Azərbaycan üçün darıxırsınız? Ölkəmizdə keçirdiyiniz illəri necə xatırlayırsınız?
- Bəli, Azərbaycan üçün darıxıram. Orada çoxlu dostlarım var. Azərbaycanı ikinci evim sayıram. Ölkənizlə bağlı ancaq müsbət xatirələrim qalıb. Deyərdim ki, futbol həyatımın ən yaxşı dövrünü məhz “Bakı” klubunda keçirmişəm. Yadımdadı, Azərbaycanda məni çox səmimi qarşılaşmışdılar. Azərbaycanlılar olduqca mehriban insanlardı. Ən qısa zamanda ölkənizin qonağı olmaq istərdim.
- “Bakı” klubunda bir yerdə oynadığınız futbolçulardan kimlərlə hələ də əlaqə saxlayırsınız?
- Bəziləri ilə ünsiyyətimiz hələ də davam edir. Tez-tez danışdığım sabiq komanda yoldaşlarım həmyerlilərimdi. Marko Şarliya və Aleksandr Şoliçi nəzərdə tuturam. Digərləri ilə də aradabir əlaqə saxlayıram. Baş məşqçimiz olmuş Qyoko Hacıyevski ilə də imkan tapanda danışırıq. Ona böyük hörmətim var.
- Sizin üçün “Bakı”nın heyətində keçirdiyiniz ən unudulmaz oyun hansıdı?
- Daha çox avrokuboklarda keçirdiyimiz matçları deyərdim. “Bazel” ilə oyunları yada salmamaq mümkün deyil. İndinin özündə də arada həmin görüşləri xatırlayıram. Bakıda 1:3 hesabı ilə uduzsaq da, pis təsir bağışlamamışdıq. İsveçrədə isə 1:5 hesabı ilə məğlub olmuşduq.