“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayevin matc.az saytına müsahibəsi
- Söhbətə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldiyiniz son oyundan başlayaq. Matçla bağlı fikirləriniz necədi?
- “Qarabağ”la oyunlarımız həmişə prinsipial keçir. Bu oyun da gərgin alındı. Birinci hissənin sonunda penalti vurmaq imkanı qazandıq, ancaq onu qola çevirə bilmədik. Penalti qolla nəticələnsəydi, düşünürəm ki, hesab arasındakı fərq daha çox olardı. Çünki ikinci hissədə rəqib istər-istəməz hücuma atılacaqdı, biz isə onları əks-hücumlarda yaxalamaq imkanı qazanacaqdıq. Futbolçularım sonadək mübarizə apardılar və oyunun gərgin keçməsinə baxmayaraq, sevinən tərəf biz olduq.
- Əvəzedicilər liqasının cari mövsümündə komandanızın çıxışını necə qiymətləndirirsiniz? 7 oyundan sonra topladığınız xalların sayı və tutduğunuz mövqe sizi tam qane edir?
- Açığı, bu mövsüm komandamın oyunundan o qədər də razı deyiləm. Nəticə öz yerində, uşaqların mübarizə aparması məni sevindirir. Amma qeyri-stabil oynayırıq. Bu il heyət baxımından bir az problem yaşayırıq. Gözləmədiyimiz anda çoxlu zədəlilərimiz oldu. Buna görə də ehtiyat oyunçular skamyamız bir az kasaddı. Futbolçularımızı daha çox U-19-dan götürmüşük. Gənc və təcrübəsizdilər. Ötən mövsüm adicə əvəzetmə edərdən hansı oyunçunu meydana buraxacağımızla bağlı çox fikirləşirdik, seçim imkanımız geniş idi. Heyət quranda çətinlik çəkirdik. Bu da bir məşqçi olaraq məni sevindirirdi ki, komandada rəqabət güclüdü. Bu mövsüm elə vaxt olub ki, zədəlilərin çoxluğu ilə əlaqədar cəmi 12-13 nəfərlə məşq etmişik. Bu isə bizə problem yaradıb. Bu səbəbdən qeyri-stabil oyun göstəririk. Oyun planımızdan hələ o qədər də razı deyiləm. Mənim üçün nəticədən əlavə, keyfiyyətli futbol göstərməyimiz çox önəmlidi.
- Cari mövsümə "Turan Tovuz"un əvəzedici heyəti də yaxşı başlayıb. Onlardan bu cür start gözləyirdiniz?
- Həqiqətən də, “Turan Tovuz” çempionata yaxşı başlayıb. İlk oyunda bizi məğlub etdilər. Əslində, həmin görüşdə 1:0 hesabı ilə önə keçmişdik, bundan sonra da çoxlu qol epizodlarımız olmuşdu. “Turan Tovuz”un üstünlüyü nədədi? Heyətlərinə baxsanız, görərsiniz ki, əsas komandadan çox oyunçu götürüb oynadırlar. Əsas komandadan 4 futbolçu əvəzedici heyətdə meydana çıxanda dərhal oyunun gedişatını dəyişirlər. Təcrübəli futbolçular əvəzedicilərin çempionatında fərq yaradırlar.
- Növbəti turda "Sumqayıt"la oynayacaqsınız. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?
- “Sumqayıt”la evdə üz-üzə gələcəyik. Bu komanda ilə oyunlarımız da həmişə gərgin keçir. Bizə qarşı çox yaxşı hazırlaşırlar. Həmişə futbolçularıma deyirəm ki, rəqiblər bizə xüsusi yanaşırlar. Bu da bizi sevindirir, çünki onların hörmətini qazanmışıq. “Sumqayıt”la matçda da yaxşı nəticə əldə etməyə çalışacağıq.
- Keçən mövsüm çempion olmağı bacarmışdınız. Bu sezon da eyni nəticəni təkrarlaya biləcəksiniz?
- Keçənilki heyətlə builki arasında böyük fərq var. Buna baxmayaraq, ön pillələrdə qərarlaşmağa çalışacağıq. Bizim işimiz həm turnir cədvəlində layiqli yerimizi tutmaq, həm də futbolçularımızın inkişafına nail olmaqdı. Amma ötən mövsümə baxanda bu il işimiz daha çətindi. Çünki rəqiblər də güclənib. Biz meydana son çempion kimi çıxırıq. Rəqiblər isə bizə qarşı çox yaxşı hazırlaşırlar. Tam optimal heyət əlimizdə olandan sonra nəticələrimizi daha da yaxşılaşdırmağa çalışacağıq.