VIII turun oyunlarında 19 qol vurulub. Orta məhsuldarlıq 3,80-ə bərabər olub.
Misli Premyer Liqasında mövsümün yeni məhsuldarlıq rekordu qeydə alınıb. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
VIII turun oyunlarında 19 qol vurulub. Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bununla da ötən turda qeydə alınan rekord yenilənib. Bir həftə əvvəl keçirilən görüşlərdə 17 top vurulmuşdu.
“Qarabağ” – “Sabah” (3:2) və “Araz-Naxçıvan” – “Səbail” (3:2) oyunlarının hərəsində 5, “Şamaxı” – “Turan Tovuz” (2:2) qarşılaşmasında 4, “Zirə” – “Kəpəz” (3:0) matçında 3 qol qeydə alınıb. Ən az top “Neftçi” – “Sumqayıt” (1:1) görüşünə təsadüf edib – 2 qol.
Qeyd edək ki, orta məhsuldarlığın 3,80-ə bərabər olması son üç mövsüm üçün rekordun təkrarıdır. Ötən mövsümün X və XVI turlarında da 19 qol vurulub. Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021/22 mövsümünün X turunda təsadüf edilib. Həmin vaxt 4 oyunda məhsuldarlıq 4,25-ə bərabər olub – 17 qol.