Azərbaycan yığmasının sabiq qapıçısı Cahangir Həsənzadənin matc.az saytına müsahibəsi
- Yığma komandamız Millətlər Liqası çərçivəsində bu gün səfərdə Estoniya ilə qarşılaşacaq. Oyundan hansı nəticəni gözləyirsiniz?
- Bugünkü matçdan ancaq qələbə gözləmək lazımdı. Estoniya qrupda gücümüzə görə olan yeganə rəqibdi. Onlarla evdə və ya səfərdə oynamağımızın fərqi yoxdu, gözləntimiz ancaq qalibiyyətdi. Əminəm ki, futbolçularımın gücü, keyfiyyəti, ustalıq səviyyəsi bunun üçün bəs edəcək.
- Estoniyadakı qarşılaşmada millimizin heyətində hansı futbolçunun və ya futbolçuların qol vuracağına inanırsınız?
- Bu, heyətə bağlı bir məsələdi. Əminəm ki, Toral Bayramovun öz mövqeyində sürətli çıxışları olacaq. Şəxsən Toraldan qol gözləyirəm. Sözsüz ki, hücumçularımız - Renat Dadaşov və Ramil Şeydayevi də nəzərə almaq lazımdı. Amma yenə də əsas məsələ oyuna hansı heyətlə çıxacağımızdı. Qısa müddətdə müxtəlif səviyyəli iki rəqiblə görüşümüz var. Heyətdə rotasiyaların olması mümkündü. Ümid edirəm ki, Toral istənilən halda meydana çıxacaq və öz sözünü deyəcək.
- Sizcə, Santuş bugünkü oyunda qapıda yenə Mehdi Cənnətova şans verəcək?
- Dəyişikliyə lüzum olduğunu düşünmürəm. Amma seçim baş məşqçinindi. Mehdi Cənnətov Millətlər Liqasındakı ilk 2 turda kifayət qədər inamlı təsir bağışladı. Bu səbəbdən onu dəyişməyə gərək olmadığı qənaətindəyəm. Lakin bunlar hamısı baş məşqçinin səlahiyyətində olan məsələlərdi.
- Bu görüşdən 3 gün sonra Slovakiyaya qarşı oynamaq futbolçularımız üçün çətin olmayacaq?
- Slovakiya güclü rəqibdi, artıq onlarla qarşılaşmışıq. Sözsüz ki, qısa müddət ərzində iki oyun keçirmək futbolçularımız üçün çətin olacaq. Yolu da nəzərə almalıyıq. Amma bütün yığmalar eyni şərtlər altında oynayırlar. Ümid edirəm ki, Slovakiya ilə ikinci matçda daha yaxşı, inamlı təsir bağışlayacağıq. Ümid edirəm ki, həm Estoniya ilə səfər, həm də Slovakiya ilə ev qarşılaşmasını müsbət nəticə ilə bitirə biləcəyik.