“Bu, zirvələr, çətinliklər və unudulmaz anlarla dolu inanılmaz səyahətdi”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç şəxsi instaqram hesabında yazıb.
Monteneqro millisinin üzvü Ağdam klubunun heyətində 100-cü oyununu keçirməsini dəyərləndirib. 29 yaşlı orta sahə oyunçusu buna görə ailəsinə təşəkkür edib: “Ən böyük dəstəkçim olan ailəmə və dostlarıma təşəkkür edirəm. Komanda yoldaşlarım, məşqçilərim, klubda işləyən, daha əvvəl burada çalışmış insanlar və azarkeşlər məni daha yaxşı olmağa sövq etdilər. Dəstəyiniz üçün minnətdaram. Artıq daha çox məqsədə, qələbəyə, yeni çağırışlara, titullara və inanılmaz anlara köklənəcəyik. Gələcək üçün çox həyəcanlıyam”.
Qeyd edək ki, “Qarabağ”ın “Şamaxı”nı 3:0 hesabı ilə qalib məğlub etdiyi Misli Premyer Liqasının XI tur oyunu Marko Yankoviçin 100-cü matçı olub. O, çempionatda 53 (3 qol), ölkə kubokunda 8 (1 qol), avrokuboklarda 39 (3 qol) görüş keçirib.