"Əvvəla, səhhətimlə maraqlananlar üçün bildirim ki, özümü yaxşı hiss edirəm, xəstəxanada deyiləm. Bəli, qəflətən 4-5 nəfərin qaranlıqda mənə hücumu sayəsində xəsarət almışam və başıma tikiş qoyulub". Matc.az xəbər verir ki, bunu DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov bildirib.

O, yanvarın 4-də özünə qarşı edilən hücumun təfərrüatından danışıb: "Mətbuatda səhvən bu hadisənin saat 3 radələrində olduğu bildirilir. Ancaq belə deyil. Çünki bu saatlarda Bakıda heç bir restoran işləmir. Təxminən saat 1 olardı, Xətai Rayon Prokurorluğunun yanındakı "Yaban" restoranından çıxıb, öz maşınıma tərəf gedirdim. Birdən mənə 4-5 nəfər hücum etdi. Mümkün olduğu qədər özümü müdafiə etməyə çalışdım. Hadisə o qədər tez baş verdi ki, onların bəzilərinin üzünü görə bilmədim. Ancaq hadisə kameraya düşüb. Onlardan 3-nün sifəti kamerada göründüyündən, həmin şəxslər hazırda polislərimiz tərəfindən şöbədə saxlanılır".

Fuad Zeynalov onu da bildirib ki, hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovdur: "Bu adamla uzun müddət aramızda soyuq münasibətlər olub. Vitse-prezident təyin edildikdən sonra adam daha da dəyişib. Sonuncu dəfə aramızda gərginlik noyabrda Yunanıstanın paytaxtı Afinada keçirilmiş Avropa çempionatından sonra baş verib. Bakıya qayıtdıqdan sonra həmin ay 2 dəfə Ramal Aslanov öz bandası ilə mənim evimə hücum çəkib. Orada Məhəmməd İmanov, Emil Hümbətov, Elnur Həmidov və başqaları olub. Daha sonra federasiyanın rəhbərliyi vasitəçiliyi ilə aramızda daha münaqişə olmayacağına aid söz vermişik. Ancaq göründüyü kimi, sözünün üstündə durmayanlar oldu. Ramal Aslanov hazırda Xətai Rayon Polis İdarəsində 48 saatlıq həbs edilib".

Qeyd edək ki, məsələ ilə bağlı Fuad Zeynalova hücumun sifarişçisi qismində Ramal Aslanov, hadisəni törətməkdə şübhəlilər – Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıb. Prosport.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest