04 Fevral 2025, 11:35
FUTBOL
"Komanda sayı nə qədər çox olsa, ölkə futbolu inkişaf edəcək. Klubların sayının artması milliyə də kömək edəcək"
"Legioner limitinin növbəti mövsümdən ləğv olunması azərbaycanlı futbolçular üçün rəqabəti gücləndirəcək. Onlar heyətdə qalmaq üçün daha çox çalışacaqlar. Matc.az xəbər verir ki, bunu AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov deyib.
O, milli assosiasiyanın İcraiyyə Komitəsinin ötən gün baş tutan iclası barədə danışıb. S.Qurbanov yığma üzvlərinin daha çox çalışmalı olduğunu bildirib: "Milliyə də yaxşı futbolçular lazımdır. Yerli futbolçular legionerlərlə rəqabət aparmalıdırlar. Futbolun gözəlliyi də budur".
Keçmiş futbolçu Misli Premyer Liqasında komanda sayının artırılması barədə qərarın önəmli olduğunu söyləyib: "Mən də bunu dəstəkləmişəm. Komanda sayı nə qədər çox olsa, ölkə futbolu inkişaf edəcək. Klubların sayının artması milliyə də kömək edəcək. Bu, yığmanın baş məşqçisinə də yardımçı olacaq. Yerli oyunçular daha çox klublarda çıxış edə biləcəklər. Nə qədər çox komanda olsa, bir o qədər yaxşıdır. Çempionatın reqlamenti isə növbəti iclasda müzakirə ediləcək. Təxminən 10-15 günə toplantı planlaşdırılır. Bunların hamısına baxılacaq". report.az