Misli Premyer Liqasının 31-ci turu çərçivəsində ötən gün keçirilən "Şamaxı" – "Kəpəz" oyunundan (2:1) sonra meydan sahiblərinin qələbəsində pay sahibi olan fransalı mərkəz yarımmüdafiəçisi Brahim Konate Matc.az-ın əməkdaşının suallarını cavablandırıb.
- İlk olaraq matçla bağlı fikirlərini bölüşərdin...
- Çətin oyun oldu. "Kəpəz" çox yaxşı komandadır. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik və buna nail olduq. Azarkeşlərimizə də möhtəşəm dəstək üçün minnətdaram.
- Komandanın qələbə qolunun müəllifi oldun. Təəssüratların maraqlıdır...
- Bacardığım qədər komandama kömək etməyə çalışıram. Bu gün qol vurdum və bu, qalibiyyət üçün çox önəmli oldu. Buna görə xoşbəxtəm.
- Növbəti turda "Turan Tovuz" səfərinə yollanacaqsız. Bu oyundan gözləntin nədir?
- Tovuza nə vaxt səfər ediriksə, deməli, bu, bizim üçün çox çətin sınaq deməkdir (gülür). Hər oyuna xal qazanmaq üçün çıxırıq. Futbolda hər şey mümkündür. Necə olacağını oyun günü görəcəyik.