"Trabzonspor"un misirli vingeri Məhəmməd Salaha 6 ay müddətinə avtomobil idarə etmək qadağan edilib.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Bildirilir ki, sürücülük hüququndan müvəqqəti məhrum edilməklə yanaşı, Salah 660 funt-sterlinq (təxminən 769 avro) cərimə, həmçinin 120 funt-sterlinq (təxminən 140 avro) məhkəmə xərcləri və zərərçəkmiş şəxsin xeyrinə 264 funt-sterlinq (308 avro) əlavə ödəniş etmək məcburiyyətində qalıb.
Qeyd olunduğu kimi, bu qərar futbolçunun cari ilin mart ayında onun "Rolls-Royce" markalı avtomobilində sürət həddini məhz kimin aşması barədə ifadə verməkdən imtina etməsindən sonra qəbul edilib. Bu hadisə Böyük Britaniyanın Uilmslou şəhərində, onun "Liverpul"dan ayrılacağını elan etməsindən 2 gün sonra baş verib.
Bu, Salahın yol hərəkəti qaydalarını pozmaqda ittiham olunduğu ilk hal deyil. 2022-ci ildə o, özünün "Ferrari" markalı avtomobili ilə 80,5 km/saat məhdudiyyəti olan zonada 101,4 km/saat sürətlə hərəkət etmişdi. Nəticədə o, 200 funt-sterlinq (233,20 avro) məbləğində cərimə ödəməli olmuşdu.
Qeyd edək ki, Salah Süperliqanın VI turunda "Qalatasaray"a qarşı matçda (4:0) Türkiyə komandasının heyətində debüt het-triki ilə yadda qalıb. Hücumçu bu ilin yayında "Trabzonspor"a keçib və o vaxtdan bəri komandanın heyətində 8 oyun keçirərək 7 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.













