"Azərbaycan futbolu elə də pis deyil. 2-3 yaxşı komanda var, qalanları elə də güclü deyil. Amma çempionatda mübarizə asan keçmir". Matc.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin sabiq futbolçusu Conatan Ayite deyib.
Toqo millisinin üzvü "France Football" nəşrinə müsahibəsində Azərbaycan futbolu və ölkəmiz barədə danışıb. Əvvəlcə Premyer Liqanın durumundan bəhs edən 34 yaşlı hücumçu "Qarabağ"ı digər klublardan fərqləndirib: "Qarabağ" Liqa1-də asanlıqla oynayacaq və inkişaf edəcək komandadı. Qalanları Liqa1-lə Liqa2 komandalarının qarışığı səviyyəsindədi. Mövsüm yenicə başa çatıb. Amma çempionatda gərginlik çoxdan azalıb. çünki, demək olar ki, yanvar ayından heç bir komandanın aşağı liqaya düşməyəcəyini bilirdik. Niyə? çünki I divizion komandalarının heç birinin büdcəsi elitada iştiraka imkan vermir. Bəli, iki çempionat arasında böyük büdcə fərqi var".
ötən ilin oktyabrında "Keşlə"yə keçən, lakin mövsüm başa çatan kimi yola salınan Ayite Bakıda yaşayışın yaxşı olduğunu deyib: "Ailəm Bakıda xoşbəxtdi. Bura kənd deyil, böyük şəhərdi. Biz fransızlar bilmədiklərimizdən qorxuruq. Türkiyəyə getdiyim zaman bəziləri mənim sanki Eldoradoya getdiyimi deyirdilər. İndi orda xeyli fransız var. Bakı da 4-5 il ərzində belə olacaq. Burda olmaqdan məmnunuq. Əcnəbilərin durumu çox yaxşıdı. Maykl Essyen işıq salmağa gəldi, bununla başqa qapılar da açılacaq. Onunla bir az söhbət etmək imkanım oldu. Dedi ki, görəcəyi işlər var və burda bir növ səfir funksiyasını yerinə yetirəcək".
Fransa vətəndaşlığı olan hücumçu Azərbaycanda fransızlara qarşı xoş münasibət bəslənildiyini də əlavə edib: "Bura futbol ölkəsi deyil. Təlimlər səviyyəsində böyük problem var. Azərbaycan futbolçuları peşəkar səviyyəyə çiy çıxırlar. Oyunlar zamanı çox azarkeş olmur. Futbolun inkişafı üçün klublara bir az da sərmayə qoymaq və insanların bu növə açıq olmaları lazımdı. İngiltərə, Fransa çempionatlarını təqib edirlər. Amma İtaliya və İspaniya qədər deyil. Əksəriyyət PSJ və "Lion"u tanıyır. Səbəbini bilmirəm, amma Azərbaycanda Fransanı sevirlər. "Ağ şəhər" deyilən yer var. Ordakı binalar Parisdəki haussmann binalarına bənzəyir. Burda fransız məktəbi də mövcuddu".
Ayite Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsinin ölkəmiz üçün böyük hadisə olduğunu deyib: "Avropa Liqasının finalı böyük hadisədi. Stadion dolu olacaq, şəhərin hər yerində plakatlar var. Burda hər il "Formula-1" yarışı da keçirilir. Təhlükəsizlik baxımından maksimum iş görəcəklər. Bu baxımdan, həqiqətən də, yüksək səviyyəli şəhərdi. Cinayətkarlıq yox səviyyəsindədi. Onlar üçün Avropa Liqasına ev sahibliyi etmək böyük nemətdi. Bu amil ölkəni daha da işıqlandırır. Qərbi Avropa klubları üçün əlverişli yer olmadığını başa düşürəm. Ancaq burda gördükləri onlar üçün xoş sürpriz olacaq. Başqa yerlərlə müqayisədə, bura demokratiyaya daha yaxındı. Qadınlar çalışa bilir, onların da gücü var, bu baxımdan problem yoxdu. Türkiyədə bu baxımdan vəziyyət Azərbaycanla müqayisədə daha sərt və avtoritardı. Azərbaycan Qərbi Avropaya daha yaxındı".