"Qarabağ"ın qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına müsahibə verib.
Matc.az polşalı qolkiperin müsahibəsini diqqətinizə çatdırır:
- Tezliklə Çempionlar Liqasında oynayacağınız ağlınıza gəlirdi?
- Bir az şokdayam, amma çoxdan bilirəm ki, futbolda heç nəyi istisna etmək olmaz. İşlər çox tez dəyişir. 2022-ci ilin aprelində mən "Radomyak"la Ekstraklasada debüt etdim. Həmin matçda "Krakoviya"ya 0:1 hesabı ilə uduzduq. Matçın təfərrüatlarını indi xatırlamasam da, çox məyus oldmuşum. İki il sonra “Qarabağ”ın heyətində Avropa Liqasında oynayırdım. Londonda 50 mindən çox tamaşaçı kütləsi qarşısında “Tottenhem”lə qarşılaşdıq. Həmin yarışda sıçrayış etmədik, amma "Tottenhem", "Lion", "Ayaks" və "Olimpiakos" kimi rəqiblərlə matçlarda qazandığımız təcrübə öz bəhrəsini verdi və şübhəsiz ki, Çempionlar Liqasının təsnifat mərhələlərində bizə kömək etdi. Pley-off "Ferentsvaroş"a qarşı oyunlar asan olmadı. Baxmayaraq ki, Budapeştdə 3:1 hesabı ilə qalib gəldik. Cavab oyununda Macarıstan çempionu 3:2 hesabı ilə qalib gəlsə də, məqsədimizə nail olduq.
- Polşalı futbolçu üçün Azərbaycan klubunun vasitəsilə Çempionlar Liqasına düşmək Ekstraklasa vasitəsilə düşməkdən daha asandır?
- “Stal”da çıxış edəndə Polşanın digər klublarından mənə təklif yox idi, sadəcə “Qarabağ”dan var idi. Bu komanda ilə Azərbaycanda ən yüksək hədəflər uğrunda mübarizə aparıram və Avropa yarışlarında iştirak edirəm ki, bu da mənim atletik inkişafıma zəmanət verir. Dörd Polşa komandasının UEFA Konfrans Liqasına vəsiqə qazanmasına çox şadam. Lakin Çempionlar Liqası iki pillə yüksəkdir. İnanıram ki, tezliklə Polşanın yenidən orada təmsilçisi olacaq. Amma indi "Qarabağ"la bağlı öz hekayəmi yazıram. Bu elit yarışın liqa mərhələsindəki rəqiblərimizin siyahısını görmək məni həyəcanlandırır. Lissabonda "Benfika", sonra "Kopenhagen", "Atletik", "Çelsi", "Napoli", "Ayaks", "Ayntraxt" və "Liverpul" ilə qarşılaşacağıq. Bu gözəl bir şeydir və ən çətin anlarda təslim olmamağın mükafatıdır.
- “Qarabağ”ın uğurunun sirri nədədir?
- Bu, əlbəttə ki, uzun illər “Qarabağ”da olan baş məşqçi Qurban Qurbanovla bağlıdır. O, hücum futboluna, pressinqə və yaradıcılığa diqqət yetirir. Rəqibin səviyyəsindən asılı olmayaraq, həmişə hücuma keçməyə çalışırıq. Eşitmişəm ki, bizə Azərbaycan "Barselona"sı deyirlər. Amma biz "Qarabağ"ıq. Oyunçular müxtəlif ölkələrdən olsalar da, paltardəyişmə otağında əla atmosfer var. Komanda yoldaşlarımla ingilis dilində ünsiyyət qururam və rus dilində də bir neçə söz götürürəm. Ən əsası odur ki, biz futbolun dilini paylaşırıq. Mən heç bir təzyiq hiss etmirəm. Azarkeşlər bilirlər ki, biz bunun üçün əlimizdən gələni edirik. Keçən mövsüm onlar məyus oldular, biz özümüz də Avropa Liqasında çıxışımıza görə məyus olduq. Amma ölkə çempionatında qalib gəlməklə və Çempionlar Liqasına vəsiqə qazanmaqla bunun əvəzini çıxdıq. Bu, azərbaycanlılara böyük sevinc gətirdi. "Qarabağ"ın uğuru sayəsində yerli sakinlər milli komandalarının irəli gedəcəyinə inana bilər. Əlbəttə ki, keyfiyyətli oyunçuları var. Mənim yeddi komanda yoldaşımı sentyabrda İslandiya və Ukrayna ilə keçiriləcək oyunlara Polşada kifayət qədər tanınan məşqçi Fernando Santos çağırıb. “Qarabağ”ın Çempionlar Liqasındakı oyunu əcnəbi klubları azərbaycanlı futbolçuları transfer etməyə həvəsləndirməlidir. Şübhəsiz ki, çoxları güclü liqaların öhdəsindən gələ bilər.
- Sentyabrda Polşa millisinə çağırılacağına ümid edirdiniz?