"İnter Mayami"nin hücumçusu Lionel Messi futbol tarixində 400 məhsuldar ötürmə edən ilk oyunçu olub.
Matc.az xəbər verir ki, Messi bu nailiyyətə MLS-in 1/8 finalının üçüncü oyununda "Neşvil" komandasına qarşı oyunda çatıb.
Ev sahibi komanda 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Messi bir məhsuldar ötürmə edib və iki qol vurub.
Messi ən çox məhsuldar ötürməni "Barselona"da edib (269). O, Argentina millisində 60, "İnter Mayami"də 37 və PSJ-də 34 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 38 yaşlı Messi 2023-cü ildən bəri "İnter Mayami"də oynayır. Argentinalı səkkiz dəfə "Qızıl top" mükafatını qazanıb. Argentina millisi ilə o, 2022-ci il dünya çempionatını, Kopa Amerikanı (2021, 2024), Finalissimanı (2022) və Olimpiya Oyunlarını (2008) qazanıb.












