İdman mətbuatını, ölkəmizin futbol təsərrüfatını uzaqdan olsa belə izləyən hər kəs üçün bu gün “Kəpəz” maraqlı görünür. Amma təəssüflər olsun ki, bu maraq heç də tarixi klubun əzəmətli çıxışı yox, klub rəhbərliyinin uğursuz addımları ilə bağlıdı.
Ötən yay klubun başına keçən Adil Vəliyev tabeçiliyində çalışdığı Adnan Əhmədzadənin DTX tərəfindən həbsindən sonra “Kəpəz”dən üz döndərdi. Hansısa yolla kluba sahib çıxan Vəliyev komandanı dayısı oğlu Erkin İbrahimovun öhdəsinə buraxdı. İbrahimovun Gəncə təmsilçinin başına gətirdikləri ayrıca mövzüdü.
Onun yolunu isə ön planda görünən İdarə Heyətinin digər üzvü Fərman Əlizadə davam etdirir. Heç də Erkin bəydən də geri qalmır. Bunu biz yox, bərbad nəticələr, hər gün klubun içində baş verən, peşəkar idarəçiliyə yaraşmayan hadisələr deyir.
Əlizadə baş verənlər fonunda vəziyyəti düzəltməyə çalışmaqdansa, fərqli yollar seçərək öyünməyə üstünlük verir. Məsələn, bu günlərdə verdiyi müsahibədə Gəncədə doğulduğunu, uşaqlıqdan “Kəpəz” aşiqi olduğunu bildirir.
Olsun, buna sözümüz yox, amma Gəncə futbolunu yaxından izləyənlər bilir ki, Fərman bəy komandanın pis günləri bir yana, yaxşı vaxtlarında belə yanında yox, heç ətrafında da görünməyib. Əlizadə personasının klubla yaxınlığı “Aqrosport”la başlayıb. Gəncə şəhər stadionunun meydançasına kifayət qədər bahalı xidmət göstərən bu şirkət vasitəsilə indiki klub rəsmisi korluq çəkməyib. Bu, elə indi də davam edir.
Əvvəllər meydançalara görə klubdan 12 000 manat alan “Aqrosport” indi qiyməti qaldırıb. Sağ olsun, Fərman bəy. Təmsil etdiyi şirkətin rəhbəri olaraq klubun idarəçiliyində yer alan kimi birinci özünü düşündü.
Halbuki, öz şirkəti, gəncəli olduğu üçün “Kəpəz”ə endirim də edə bilərdi. Və buna görə ona heç kim heç nə deməyəcəkdi.
Yoldaş Əlizadə, gəncəli kimi kluba dəstəyiniz budu?
Heç yaddan çıxmaz, təxminən 3 il öncə şəhər stadionunun əsas meydançasına sizin şirkətin keyfiyyətsiz qulluğunun nəticəsi olaraq ot örtüyü sıradan çıxdı. Son nəticədə kasıbçılıqla mübarizə aparan “Kəpəz” əlavə xərclər çəkib Qəbələyə köçdü və elitada qalmaq şansını zorladı.
Fərman bəy, bir şeyi sizdən xahiş edim, çalışın klub rəhbəri olaraq Gəncə adından manipulyasiya etməyin. Bu adın sizin daşıya bilməyəcəyiniz çəkidə böyük ağırlığı var. Bir də ki, bu klubun başında sizdən qat-qat uğurlu olan, çempionluqlar, kuboklar, titullar qazandıran rəhbərlərdən Rza Məmmədov, Müşfiq Vəkilov və digərləri heç vaxt gəncəli olduqlarını gözə soxmayıblar. Çünki onsuz da hamı onları yerli, şəhər adamı kimi tanıyırdı.
Müsahibədə vurğuladığınız kimi, böyük tarixə, zəngin ənənələrə və güclü azarkeş bazasına malik klub indi ağır vəziyyətə düşüb.
Məşhur filmdə deyildiyi kimi, əziz azarkeşlər, indi siz deyin, Fərman bəyin fəaliyyətinə nə ad vermək olar?
SAMİR

_1771343397.jpg)
_1771341431.jpg)








